Bosniya müharibəsinin şahidlərindən olan həmkarım və həmdərdlim jurnalist Əminə Seçeroviçin yaxşı bir sözü var: Keçmiş ağrı verirsə keçməmiş deməkdir. Dərdi unutdurmamaq, həqiqətləri yazmaq, müharibənin ağrılarını bir uşağın gözlərindən, dilindən anlatmaq olduqca çətindir. Üstündən 20 il ötməsinə baxmayaraq 26 yaşıma necə gəldiyimi danışmaq incidir məni. O incikliyi hiss etdirməkdə qələmim aciz olsa belə vallah incidir...
Bu günə qədər heç kim uşaqların gözündən müharibənin və müharibədən sonrakı həyatın ağırılarını anlatmadı. Müharibə mövzusunda çəkilən sənədli, bədii filmlər, yazılan romanlar hər zaman böyüklərin gözündən, dilindən çatdırıldı kütləyə. Bombalar necə düşdü, insanlar necə döyüşə getdilər, necə yaralandılar... Amma heç vaxt bu dərdlərə uşaqların gözündən baxmadılar, göstərmədilər. Təbii ki, müharibə ağırdır və adamı qəbr evinə qədər ağrıdır.
Başlayan və bitən bütün müharibələrdə ən çox uşaqlar və qadınlar əzilir. Qarabağ müharibəsində də elə olmuşdu. Kişilərin məsuliyyəti başqa idi. Onların döyüş zamanı səngərlərdə, dağlarda olmaları lazım idi. Bu durumda anaların boynuna ağır məsuliyyətlər düşürdü. Bu müharibədə də qadınlar heç qorxmadılar, bacardıqları qədər ayaqda durmağa çalışdılar. Övlad sevgisi türk qadınlarında çox qabarıq hissdir. Övladı uğrunda türk qadınlarının keçə bilmədikləri yeganə şeyləri namusları olub həmişə (irəliləyən zamanlarda üzü qara zamanın müharibə qadınlarını buna da məcbur edəcəyini bilə bilməzdik təbii ki). Qaçqın düşərgələrinə, çadır şəhərcikləriə dağılmış müharibə qadınlarının, müharibə uşaqlarının yaşadıqları ağrılar söylənəcək kimi deyil. Yəni məndən və anamdan qat-qat ağır dərdlər yaşayan qadınlar və uşaqlar vardı. Mənim gözümdə əsir düşən, qaçqın düşən, xüsusilə də övladlarını, ərini itirməsinə rəğmən həyatına davam etməyi bacaran bütün qadınlar qəhrəmandırlar.
Biz əslində xoşbəxt deyildik (heç indi də deyilik). Həyatda qalmağın, həyata tutunmağın fərqli üsullarını kəşf etməyə çalışsaq da, təəssüflər olsun ki, həyatımızın qalan hissəsini müharibənin gətirdiyi üsullarla davam etdirməyə məcbur qaldıq. Oyunlarımız, oyuncaqlarımız yeməklərimiz dəyişdi. Analarımız müharibə boyu və müharibədən sonra bizi necə doyurmağa çalışdılarsa, bax biz də uşaqlığımızı o cür yaşadıq. Yarı ruhu tox, yarı ruhu ac. Doymadıq uşaqlığımıza.
Darısqal, yarıqaranlıq dəhlizlər, bu dəhlizlərə açılan ensiz, otaqlar. Hamamı, ayaqyolusu ümumi olan, bəzi yerlərdə heç olmayan, baş çatladan qoxuların bir- birinə qarışdığı natəmiz məkan. Biz çox sonralar öyrəndik ki, yaşadığımız bu düşərgə bir vaxtlar uşaq düşərgəsi olub. O, vaxtlar ki, Azərbaycan sovet hakimiyyətinin qanadları altında idi, uşaqlar boyunlarına qırmızı qalstuklar bağlayırdılar, cərgə ilə düzülüb Leninin, Stalinin, Brejnyevin şəninə mahnılar oxuyub, şeirlər söyləyirdilər. Onda müharibə hələ başlamamışdı, bizim yaşıl darvazalı həyətimizə qırad düşməmişdi, evimizin günəşin işığını özündə əks etdirən ağ damından səhərlər atamın bəslədiyi göyərçinlərin qanad çırpıntılarının səsi eşidilirdi. O vaxtlar ki, onda atam sağ idi. Biz “İmarətin” həyətində qonşu uşaqlarla qaçdı-tutdu oynayırdıq. Qonşuluğumuzda yaşayan laçın igidlərin toy-nişan xonçaları tutulurdu. Onda biz də xoşbəxt idik. Və birdən müharibə başladı… Bizim həyətimizə qırad düşdü, bir səhər gözlərimizi göyərçinlərin qanad səslərinə deyil, pulemyot vıyıltılarına açdıq. Qapı- pəncərələrimiz od tutudub yandı, atam və laçın oğlanlar davaya getdilər. Qayıdanlar da oldu qayıtmayanlar da. Sonda ermənilər bizim yurdumuzu işğal etdi, biz də yerli camaatın dili ilə desək onların uşaqlarının istirahət yerlərini. Bu durumda həm o uşaqlar haqlıydı bizə dişlərini qıcamaqda, həm biz haqlıydıq vəhşi yox, didərgin olduğumuzu yüksək səslə söyləməkdə.
Təzə gələndə bir ayağımız qapının çölündə idi. Elə bu gün gedərik, sabah qayıdarıq ümidləri ilə günlərimizi sayırdıq. Müvəqqəti olduğumuzu beynimizə yerləşdirmişdik, ona görə də heç kim əlini qaldırıb bir yerə bir mismar çaxıb, bir şərait yaratmırdı özünə. Beş il keçdi ümidlərimizin işığı zəiflədi. Yavaş-yavaş hamı nəmişlikdən qopuqlanmış divarları əhənglə boyamağa başladı. Yavaş-yavaş anladıq ki, Qarabağ məsələsi bu gün, sabaha həll olunacaq məsələ deyil. Bu müddət ərzində bir otağı olanlar otağı ortadan taxta ilə kəsib iki otaq etmişdilər. Həyətdə taxta parçalarını birləşdirib ayaqyolu da tikmişdilər. Dəhlizdə hərə öz qapısının ağzında bir asma əl-üz yuyan, bir də dörd ayaqlı elektrik sobası qoymuşdu. 8-9 metrlik dəhlizə beş qapı açılırdı. Hər qapının arxasından da dərdli insanlar boylanırdı. Hər birinin arxasında gözü yaşlı insanlar yaşayırdı. Biri Nüşabə xala idi. Onlar Laçının Güləbirt kəndindən idilər. Nüşabə xalanın böyük qızı Sevinc əsir düşmüşdü. Ortancıl qızının əri şəhid olmuşdu, iki uşağı ilə 22 yaşında dul qalmışdı. Nüşabə xalagilin üzbəüzündəki qapı Qumru xalagilin evi idi. Onlar da Şuşalı idilər. Qumru xalanın iki oğlu da müahribə əlili idi. Böyük oğlu Salehin qolun qırad aparmışdı, balaca oğlu Valeh də dəli kimi bir şey idi. Onun qışqırıq səsləri hələ də qulaqlarımda əks- səda verir. Qumru xalagilin divar qonşusu Gülsüm xala idi. Onun həyat yoldaşı Tahir də itgin düşmüşdü. Böyük uşağının 4dörd, balacasının iki yaşı var idi. Ata üzü görməmişdi biçarələr. Gülsüm xala əslən ağdamlı idi, amma Xoclıya gəlin köçmüşdü. Tahir dayı Xocalıda rabitə qovşağında işləyirmiş. Xocalıda hadisə baş verən gecə Gülsüm xala Ağdamda ikinci övladını dünyaya gətirirdi. Həmin gecə Tahir dayının bütün yaxınları ermənilərin odlu silahlarının qurbanı oldu. Gülsüm xala danışırdı ki, faciədən iki gün sonra qohumlarının meyidləri Ağdama gətirilib, amma o meyidlərin arasında Tahir dayını tapa bilməyiblər. Dəhlizin ayağındakı sonuncu qapı Sürəyya xalanın qapısı idi. Onun evinə girəndə adamı vahimə basırdı. Boyası qopuqlanmış divardan sıra ilə asdığı şəkillərə baxanda adam elə bilirdi ki, qəbristanlıqdadı. Gündə 3-4 dəfə dəhlizdə, h Sürəyya xalanın ağı səsi əks-səda verirdi. Arvadın tükürpədici səsi adamın ruhunu dara çəkirdi. O ağı deyirdi, arvadlar da göz yaşları ovuclarından heç vaxt əskik olmayan dəsmalları isladana qədər ağlayırdılar.
Ayda bir dəfə düşərgəyə yardım maşınları gələrdi Un, günəbaxan yağ, qənd şəkər, nə bilim pal-paltar gətirib paylayırdılar. O dövrün uşaqları yardım paketlərindən çıxan istifadə müddəti ötmüş şokalad və kökələri qurtarmasın deyə qırıq-qırıq yeyərkən qəfil “surprizlərlə” də qarşılaşırdılar. Zəhərlənirdilər və təcili yardımdan, xəstəxanadan uzaqdakı düşərgələrdə analarının qucağındaca can verib ölürdülər. Vərəm, svinka epidemiyası geniş yayılmışdı. Anam hər gecə Allaha belə dua edirdi: “Ay Allah sən bu körpələri çarəsiz xəstəliklərdən uzaq elə. Bir belə dərdin üstünə bir də sinəmizə bala dağı çəkmə”. Çünki Allahın sinəsinə çəkdiyi bala dağını çəkə bilməyən analarla qonşu idi anam. Onların nələr çəkdiyini görürdü.
Müharibə şərtləri çarəsizlik, yoxluq, fərqli bir mədəniyyət formalaşdırmışdı. O vaxtlar yaşadığımız yoxluqlar analarımızın “yaradıcılığını” da ortaya çıxartmışdı. Şərait uyğun olduğu zaman bütün analar mətbəxtdə möcüzələr yaradırlar. Əlbəttə bir də yoxluq var. Gələn yardım paketlərindəki qurtlamış düyü, mərci, istifadə müddəti çoxdan keçmiş ərzaqlardan qurulan süfrə o zamanlar bizim üçün əsl möcüzə idi. Bizim analarımız müharibə mətbəxtini yaratdı. Məsələn yağ qutularının alt hissəsini kəsərək yemək bişirmək üçün sobalar yaratdılar.. Qurddamış düyüdən dəmlənən qarasız bayram aşlarının qoxusu ilə qarınımızı doyurmağa çalışırdıq. Uşaqlarının gözlərindən iraq bir yerdə analar düyünün böcəklərini arıtlayardı. Amma fərqində belə olmazdılar ki, biz o düyünün qurdlu olduğu görmüşdük. Sadəcə müharibə bizə uşaq şıltaqlığımızı özlüyümüzdən tərbiyə etməyi öyrətmişdi.
İndi bir az yaxşı geyim, keçimi yaxşı olan “qaçqın” görəndə deyirlər ki, “qaçqınlar görmədikləri günlərə düşüblər”. Amma yanılırlar. Biz o dönəmlər görmədiyimiz günlərə düşmüşdük. Qarabağ camaatının ən kasıbı belə dilinə günəbaxan yağı vurmazkən, Bakıda gəlib günəbaxan yağına çörək batırıb yeməyə məcbur qalmışdılar.
(ardı var)