Müharibə veteranı olan prokuror təqaüdə göndərildi - Fotolar

muharibe-veterani-olan-prokuror-teqaude-gonderildi
Oxunma sayı: 9349

Qarabağ Müharibəsi Veteranı olan prokurorluq işçisi son yaş həddinə çatdığına görə təqaüdə göndərilib.

Bu barədə “Qafqazinfo”ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş prokurorun müavini Heydər Məmmədov qulluqda olmanın son yaş həddinə çatdığına görə qulluq keçməsinə xitam verilmiş Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Böyükağa Panəliyevi qəbul edib.

Ona Baş prokuror Kamran Əliyevin əmri ilə təltif olunduğu “Prokurorluğun fəxri işçisi” döş nişanı və hədiyyə təqdim edilib.

Heydər Məmmədov birinci Qarabağ Müharibəsi Veteranı olan Böyükağa Panəliyevin 1993-cü ildə Qubadlı rayon prokurorluğunun əməkdaşı kimi xidməti vəzifələrinin icrası zamanı cinayətkar dəstənin fəaliyyətinin qarşısını alarkən ağır yaralanmasına baxmayaraq, prokurorluq orqanlarında səmərəli fəaliyyətini davam etdirdiyini, cinayətkarlığa qarşı mübarizədə, habelə qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsində böyük töhfələr verdiyini qeyd edib, fədakar fəaliyyətinə görə ona minnətdarlığını bildirib.