Müharibə zamanı xəstəliklər yoxa çıxır

muharibe-zamani-xestelikler-yoxa-cixir
Oxunma sayı: 1485


Müharibə fəlakətdir. O, yaxınların itirilməsi, uşaqların gözündə vəhşət, başqa xarici dövlətin sərhədinin ağzında dayanıb sığınacaq istəmək yazıqlığıdır. Bəlkə də çoxları bilmir ki, müharibə həm də xeyirlidir. Məhz müharibə günlərində insana bir sıra arzuolunmaz xəstəliklər yaxın durmur. Bunun hikməti ondadır ki, insan ürəyi daim dolur. O ürək həm qorxu, həm qürurla dolur. Sonra insan bədənini sehrli qamma bürüyür. Milyardda bir insanın ürəyində xərçəng ola bilər. Çünki ürək daim hərəkətdədir və xərçəng ora yaxın düşməyə qorxur. Həmin o sehrli qammanı yaratmaq üçün ən vacib şərt qəlblərin uçunmasıdır. 

Biz bu illər ərzində 5 halda o qammanı duyduq. O qammanın bu millətə yaşadılmasının ömrü əsasən 2011-ci ildən sonra başlandı. 

1. Birinci qamma “Avroviziya” mahnı yarışmasının açılışında baş verdi. Bilirsinizmi, qəlbin uçunması nə deməkdir? Bu elə bir hissdir ki, hətta karuseldə fırlanmaqdan, paraşütlə atılmaqdan yaranan qəlbin uçunmasını da üstələyir. Və bu həmişə olmur. “Avroviziya” mahnı yarışmasının açılışında anladıq ki, “biz bacararıq”. Bax, onda həm də başa düşdük ki, bura Şərqin dağınıq və hər zaman poliqona çevrilə biləcək ölkəsi deyil. 

2. İkinci qamma Mübariz İbrahimovun nəşinin Ermənistandan alınması məsələsində yaşandı. Düşmən sənin bir oğulunun meyitini vermir və buna görə dözvlət səviyyəsində danışıqlar başlayır. Bu məsələ Rusiya prezidenti Dmitri Medvedyev, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın üçtərəfli görüşündə də müzakirə edildi. Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə və dünya ermənilərinin katalikosu Qareginin, eləcə də xarici işlər nazirləri Sergey Lavrov və Elmar Məmmədyarovun görüşlərində də əsas müzakirə mövzusu oldu. Və nahayət neçə aylıq danışıqlardan sonra Azərbaycanın bir şəhid oğlunun nəşi düşməndən alınaraq təntənəli şəkildə torpağa tapşırıldı. Onda anladıq ki, dövlət rəhbərliyində prinsipiallıq mövcuddur.

3. Neçə illər bundan əvvəl Ramil Səfərov onun Vətənini, bayrağını və şəhidlərini təhqir etdiyinə görə ermənini qətlə yetirdi. Macarıstan həbsxanasında məhkumluq həyatı yaşayan zaman hətta həyatına təhlükə barədə söhbətlər də gəzdi. Amma üstündən illər keçəndən sonra Ramil Səfərov Azərbaycana gətirildi, elə aeroportdaca qandalları açıldı, hətta dövlət başçısı tərəfindən “mayor” rütbəsi verildi. Onda anladıq ki, Azərbaycan heç kimdən çəkinmir və beynəlxalq ədalətsizliyin cavabını belə verir.

4. Dördüncü qammanı 2014-ci ilin avqustunda yaşadıq. Cəbhədə vəziyyət gərginləşdi. Ermənistan 10-dan çox azərbaycanlı döyüşçünü qətlə yetirdi. Bunun qarşılığında Azərbaycan rəhbərliyinin qəti addımları nəticəsində düşmənin 50-dən çox canlı qüvvəsi məhv edildi. O günlərdə sosial şəbəkələrdəki çoxmilyonlu adamların necə qürur hissi keçirdiyinin şahidi olduq. 

5. Və nəhayət beçinci qamma: Birinci Bakı Avropa Oyunları. Oyunların açılış günündə xalq bir daha qürur yaşadı. Yox, bu pafos deyil. Həmin günlərdə yarışlara bilet növbəsində ağbirçək və ağsaqqalların sevincini, bilet qurtaranda ağlayan uşağı gördüm. Gecə saatlarında yanaqlarına Azərbaycan bayrağını çəkən uşaqların şadlığını, eyvanlarında bayraq yelləyən gənclərin hisslərini necə duymamaq olardı. 

Qürur elə bir hissdir ki, onu milyon manatlarla da oyandırmaq mümkün deyil. Qürur insanda həm də bu ölkəyə sevgi yaradır. Və ən əsası qürur – insanda müsbət hisslər formalaşdırır. Bu formalaşma nəticəsində öz doğma dilinə hörmətdən tutmuş ən kasıb təbəqənin nümayəndəsinə əl tutmağa qədər humanizm instinkti sərgiləyir. Cəmiyyətdə yadlaşma aradan götürülür, bir vahid komanda sxemi ortaya çıxır.