“Müharibədə cəmi 2 saat yuxu ilə 20-dən çox əməliyyat etmişik”

muharibede-cemi-2-saat-yuxu-ile-20-den-cox-emeliyyat-etmisik
Oxunma sayı: 1600

“İl ərzində Vətən müharibəsində ağır yaralanan qazilərimizə 250-dən çox əməliyyat həyata keçirilib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İlqar Qasımov deyib. O bildirib ki, hazırda ortopedlərdən ibarət briqadamız YAŞAT Fondu ilə birlikdə fəal şəkildə işini davam etdirir:

“Vətən müharibəsində həkim kimi ön cəbhədə xidmət göstərmişəm və hələ də göstərirəm. Həkimlərin bəzən əməliyyatla bağlı qərarı üçün bir dəqiqədən artıq zamanı olmur. Bir gün ərzində 20-dən çox əməliyyat etmişik və cəmi 2 saat yuxu ilə. Çox çətin günlər idi. Vətən uğrunda yaralanmış qazilər üçün bütün qüvvəmizlə çalışırdıq. Bundan əlavə, hər gün İkinci Qarabağ müharibəsi veteranlarından posttravmatik sümük qüsurları, pəncə-əl əyrilikləri, sümük sınıqlarının birləşməməsi (gecikmiş qırıq konsolidasiyası) ilə bağlı kifayət qədər müraciət alırıq ki, üzərində səylə çalışırıq, onlara kömək edirik və bundan sonra da kömək edəcəyik”.

Həkim bildirib ki, qeyri-döyüş yaralanmaları ilə döyüş travmaları arasında dərin fərqlər var. Müharibə yaralarında görülən zərər, hər gün görülə bilən sadə yumşaq toxuma zədələri kimi bir şey deyil: 

“Müharibə yaraları mülki praktikada görülən travmadan nisbətən fərqlidir; demək olar ki, hamısı çirkli yaralardır. Güllə və qəlpə yaraları əhəmiyyətli orqanlara, sümüklərə və yumşaq toxumalara kütləvi ziyan vura bilərlər. İnfeksiya böyük bir təhlükədir və septik cərrahiyyə qaydaları tətbiq olunur. Mülki praktikada heç bir zədələnmə qəlpə parçaları, mina səbəbiylə meydana gələn travmatik amputasiya və ya yüksək kinetik enerji transferi istehsal edən hərbi tüfəng gülləsinin dağıdıcı zərbəsi nəticəsində yaranan travma ilə müqayisə edilə bilməz”.