“Müharibədə dağılan evimiz hələ də təmir edilməyib” - Açıqlama

muharibede-dagilan-evimiz-hele-de-temir-edilmeyib
Oxunma sayı: 1289

Tərtər rayonu, Babək küçəsində yaşayan Birinci Qarabağ Müharibəsi veteranı Xəlilov Rəhman Sabir oğlu ötən il müharibə nəticəsində dağılmış evlərinin hələ də bərpa edilmədiyini iddia edir.

Bu barədə “Qafqazinfo”ya müraciət edən R.Xəlilov qeyd edib ki, müharibədə ermənilər tərəfindən atılan artilleriya və raket mərmilərindən evi tamamilə dağılıb: "Dağılmış evimin təmiri yarımçıq qalıb. Mən evimi 2010-2020-ci illərə kimi sığortalamışam. Komissiya tərəfindən müəyyən edilmiş 43 500 manatdan və evimin dağılmış əşyalarına ayrılan 6000 manat puldan bir qəpik belə olsun ki, verilməyib. Evimin bütün əşyaları hamısı dağılıb. Üç oğlum hazırda hərbçidir və vətənə xidmətini davam etdirir".

“Qafqazinfo” məsələ ilə bağlı  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tərtər Rayonu üzrə nümayəndəliyi ilə əlaqə saxlayıb. Nümayəndəlikdən bildirilib ki, təmirə nəzarət edən qurumun yazdığı akta əsasən həmin sakinin evi bərpa edilib: “Komissiya hətta aktdan da əlavə, bu günlərdə də ona yenə köməklik edib. Evin təmiri bitib. Sakin əlavə olaraq armatur və suvaq istəyib, onu da vermişik. Bir neçə gün öncə İcra Hakimiyyətinə də gəlmişdi, dedi ki, çən istəyirəm, onu da verdik. Buna görə də vətəndaşın şikayətinin heç bir əsası yoxdur”.

Günel Türksoy