Müharibədən cəmi 8 ay keçsə də...

muharibeden-cemi-8-ay-kecse-de
Oxunma sayı: 2181

“Bu, bizim Ağalı kəndidir. Həmin kənddə anadan olub boya başa çatmışam. Atam anam və həyat yoldaşımın məzarları bu kənddə yerləşir. 28 ildən sonra sizin sayənizdə öz doğma kəndimizə qayıtdıq. Siz torpaqlarımızla bərabər şəhidlərimizin qisasını almısınız. Sizin qarşınızda baş əyirəm kənd sakinləri olaraq çox xoşbəxtdik. Bu sevinci bizə yaşatdığınız üçün sizə təşəkkür edirik”.

Bu fikirlər aprelin 26-da Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyevanın Zəngilana səfəri zamanı Ağalı kənd sakininə aiddir.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə "Böyük Qayıdış"a start verilib.

İlk növbədə həmin ərazilərin minalardan təmizlənməsi üçün Prezident İlham Əliyevin sərancamı ilə Ərazilərin Minalardan Təmizlənməsi Agentliyi yaradıldı. Türkiyədən 100-ə yaxın mütəxəssis əraziyə ezam olundu. Ağdam rayonunun minalardan təmizlənməsi üçün Rusiyanın Fövqəladə Hallar Nazirliyinin bir qrupu da bu istiqamətdə fəaliyyət göstərir.

Hazırda minaların təmizlənməsi işləri ilə yanaşı düşmənin vurduğu ziyan hesablanır. Azad olunmuş ərazilərin baş planı tərtib edilir.

Bunlarla yanaşı Ağıllı Kənd Pilot layihəsi hazırlanıb. Belə ki, Zəngilan rayonunun üç kəndində Birinci, İkinci, Üçüncü, Ağıllı kənd layihələrinə start verilib.

Hətta bir neçə gün öncə bir qrup Ağalı kənd sakini 28 ildən sonra ilk dəfə öz doğma kəndlərinə səfər ediblər. Səfər Qurban bayramı gününə təsadüf edib. Kənd sakinləri öz doğma torpaqlarında qurbanlarını kəsiblər. Daha sonra isə Ağıllı Kənd layihəsində gedən quruculuq işləriylə tanış olublar. Sakinlər bildiriblər ki, sevincimizin həddi-hüdudu yoxdur. Aparılan bu işlərdə əməyi keçən hər kəsə minnətdarıq.

Qeyd edək ki, Ağıllı kənd layihəsi 2021-ci ilin sonunadək başa çatması nəzərdə tutulur. Həmin ərazilərdə əkin üçün lazımı şərait yaradılacaq 200 fərdi evin inşası və 1000 min nəfər insanın məskunlaşdırılması nəzərdə tutulur. Ağıllı Kənd layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradaraq, “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemlərini də həyata keçirəcək.

Daha bir işğaldan azad olunmuş ərazidə, - Ağdam şəhərində də quruculuq işləri davam edir. Burada yaşayış evlərilə yanaşı, ictimai-sosial infrastruktur, o cümlədən, məktəb, xəstəxana və s. tikilməlidir. İşğaldan öncə Ağdam şəhərində 40 min sakin yaşayıb. Ancaq demoqrafik artımı nəzərə almaqla müasir Ağdam 50 min nəfərin yaşaması üçün nəzərdə tutulub.

Bundan əlavə Füzuli, Zəngilan, Laçın rayonlarının ərazisində  hava limanlarının tikilməsi haqda qərar qəbul edildi. Hazırda Füzuli rayonunda hava limanı sürətlə inşa edilir.

Daha bir ərazimiz Suqovuşan qəsəbəsində 110/35/6 kv-luq Tərtər yarımstansiyadan 35 kv-luq yeni elektrik veriliş xətti çəkilib. Artıq ərazi elektrik enerjisi ilə təmin edilib. Bir neçə gün əvvəl Kəlbəcərin də elektrik enerjisi ilə təmin olunduğuna dair Azərişıq məlumat yaydı.

Elektrik enerjisi demişkən Qarabağda bərpaolunan enerji istehsalına üstünlük veriləcək.

Bir başqa azad olunmuş ərazimiz Kəlbəcər rayonunda yeni yolun çəkilişi ilə bağlı işlər davam etməkdədir. Həmin yol Göygöl rayonu Toğanı kəndindən çəkilərək Kəlbəcər-Laçın istiqamətlərinə doğru davam edəcək. Yolun uzunluğu 190 kilometrə yaxın olacaq.

Ölkənin mədəniyyət paytaxtı olan Şuşa şəhərində quruculuq işləri sürətlə davam edir. Hazırda Şuşaya yol çəkilir. Şəhərin mərkəzində müasir tələblərə cavab verən otel inşa edilib. Həmçinin mədəniyyət abidələrinin və məscidlərin bərpa işləri davam edir. Bunun timsalında bir çox işləri misal çəkmək olar. Ərazilərin quruculuq işlərinin sonunda isə dədə-baba yurdundan illərdir uzaq düşmüş insanlar öz doğma rayonlarına geri dönə biləcək. Bunun üçün intensiv işlər görülür.

Ərazinin bərpası və onun inkişafına bu yaxınlarda yeni iqtisadi rayonun yaradılması töhfə verəcək. Belə ki, Prezidentin sərəncamı ilə keçmiş Dağlıq Qarabağ ərazisində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb.

Müharibədən cəmi 8 ay keçsə də, dövlət başçısının tapşırığı ilə böyük işlər görülüb.

Prezident İlham Əliyev son müsahibəsində bildirib ki, Ağdamın baş planı təsdiqlənib:

“Füzulinin, Cəbrayılın baş planlarının ilkin versiyası mənə təqdim edildi. İndi müfəssəl plan üzərində iş aparılır. Yaxın aylarda Füzuli və Cəbrayıl şəhərlərinin baş planı ictimaiyyətə təqdim ediləcək. Zəngilan şəhərinin baş planının hazırlanması prosesinə artıq başlanmışdır. Bir neçə xarici şirkət, tanınmış dünya səviyyəli şirkət öz təklifini verdi. İndi seçim aparılır. Eyni zamanda, əlbəttə ki, Qubadlı da, Laçın və Kəlbəcər də - o şəhərlər də yenidən qurulacaq. Yəni, bu boyda miqyaslı işi cəmi 8 ay ərzində görmək doğrudan da, mən hesab edirəm ki, böyük qəhrəmanlıqdır. Onu da bildirməliyəm ki, biz bütün bu işləri öz hesabımıza edirik. Bütün xərcləri öz hesabımıza edirik, heç bir yerdən bir manat yardım almamışıq. Bəli, xarici şirkətləri biz dəvət etmişik, amma podratçı kimi. Bütün vəsait dövlət büdcəsindən gedir. Dövlət büdcəsi üçün bu, böyük yükdür. Təbiidir, amma biz bunu edirik, edəcəyik. Dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik”.

Neyman İsmayıl

Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə "İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış" mövzusu üzrə dərc olunub.