“Müharibəni başlayan ermənilər, qurtaran isə Azərbaycan olacaq”

muharibeni-baslayan-ermeniler-qurtaran-ise-azerbaycan-olacaq
Oxunma sayı: 3874

“İnsanlarımızın iki gündür Ermənistana qarşı aparılan döyüş əməliyyatları nəticəsində yaranan hərbi eskalasiyanın, baş verən toqquşmaların müharibəyə çevrilməsinin nəticəsi olaraq qısa müddətdə Azərbaycan ordusunu Şuşada Xankəndində görmək istəməsi mənəvi baxımdan doğru yanaşmadır. Bu, uzun 10 illər insanlarımızın qaçqınlıqdan, köçkünlükdən, haqsızlıqdan dünya birliyinin bu məsələni həll etmək istəməməsindən doğan hiddətinin, bir sıra hallarda qəzəbinin qeyd etdiyimiz vasitəçilik missiyasında olanlara nifrətinin ifadəsidir.  Lakin o biri tərəfdən hərb qanunları yalnız  mənəvi kateqoriyalı istəklərlə ölçülə bilməz”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc Azərbaycan cəmiyyətinin tez bir zamanda ordunu Şuşada görmək istəkləriylə bağlı danışarkən deyib.

Deputat qeyd edib ki, hərb qanunlarının öz şərtləri və tələbləri var: “Buna görə də millət-ordu ifadəsi çox uğurlu bir yanaşmadır. Bunu biz xüsusilə də İsraildə geniş şəkildə görürük. Məsələ odur ki, bizim Qarabağ və onun ətrafında işğala məruz qalan ərazilərimiz hədsiz mürəkkəb coğrafi şəraitə dağlardan ibarət qalalara malikdir. 1990-cı illərin məlum şəraitində biz o yüksəklikləri əldən verdiyimizdən indi sadəcə bir düzəngah şəraitdə orduların gücü ölçülmür. Bizim üçün əslində qoruyucu zirehə çevrilə biləcək o dağlar, təpələr mürəkkəb qayalıqlar sanki düşmənin layiq olmadığı bir qoruyucu təbəqəsini təşkil edir. Biz birinci növbədə bunu nəzərə almalıyıq.

İkincisi, Azərbaycan ordu qüvvələrinin son dərəcə kiçik bir hissəsinin, ayrı-ayrı bir neçə korpusun malik olduğu silah kütləsinin kiçik bir hissəsi tətbiq olunub. Bunun da səbəbləri başa düşüləndir. Göründüyü kimi, hətta Ağdərənin ön cəbhə ərazilərində  düşmənin bir korpusu mühasirəyə alınarkən ultimatum verildi. Azərbaycan yenə də humanitar hüququ əsas götürdü. Bu gün hər bir ermənini öldürmək məqsəd deyildir yanaşmasını uzun 10 illərdən sonra Azərbaycan dövlət rəhbərini arayan, bu məsələnin çözülməsində rol oynayan BMT Baş katibinə iclasın çağırılması istənilən Təhlükəsizlik Şurasının üzvlərinə bu məsələyə qoşulması məramını göstərən Britaniya,  Almaniya və digər dövlətlərə də göstərməyə çalışırıq ki, məqsədimiz ərazilərimizi azad etməkdir. Mənə elə gəlir ki, xüsusilə də hesab edirik ki, maksimalizm müharibə şəraitinə tətbiq olunanda bu uğurlu nəticə verməz.   

İnsanlar bunun fərqindədir ki, ön cəbhələrin yarılması fonunda ermənilərin uzun illərdir Qarabağın 4, 138 min kvadrat kilometr  ərazisindən qat-qat böyük 13 min kvadart kilometr hissəsinə təhükəsizlik qovşağı demişdilər, o qovşaq daraldıqca onlar özlərinə həmin təhlükəni hiss etməkdədirlər.  Müharibə sosial, iqtisadi və digər nəticələr doğurduqca öz-özlüyündə yalnız tankın, topun, mərmilərin qırıcı təyyarələrin hansısa bir işə qoşulması nəticəsində deyil, ikinci üçüncü məsələlər də düşmənin məhv edilməsində rol oynayacaq. Biz başa düşməliyik ki, 1000 kvadrat kilometrlərlə ərazini itirmişik. Biz onları kvadrat  metrlərlə  almaqdayıq. Dünyanın ən müasir orduları da Azərbaycanın 27 sentyabr tarixindən başlayan bu hadisələrini, ordunun  keçirtdiyi əməliyyatları öyrəniləcək və təqdir olunacaq. Hesab edirəm ki, millətimizin böyük əksəriyyəti  Azərbaycan ordusunun  hər bir sıravi əsgərinin və rəhbər şəxslərinin  hamısı üzərində Ali Baş Komandanın mütləq iradəsini görürlər.  Bütün  regional beynəlxalq təhlükəsizlik  dövlətlərarası münasibətlər bölgəyə marağı olan dairələrin bu gün telefon diplomatiyasını və digər təsir vasitələrini işə salması fonunda irəliləyir. Bu öz özlüyündə sadəcə bir düzəngah şəraitdə işçi qüvvənin bir neçə saat içərisində bir-birini məhv etməsi müharibəsi deyil. 

Bir qədər o ərazilərə yaxın olan insanlar bilir ki, orada bir addım atmaq nə deməkdir. Kifayət  qədər müasir kosmik sistemlərdən alınan informasiyalar fonunda hərəkət etmək isə  bütün döyüş meydanının nəzarət altında saxlanılması ikiqat hünər tələb edir. Buna görə də Azərbaycan ordusunun Şuşaya, Xankəndinə gedən yolu bildiyimiz bu istiqamətdə  bu gündən uğurlu xəbərlərin alınması  sübut edir ki, artıq dəqiq bir xəritə var. Çünki düşmənə uzun 10 illərdən sonra bu dəfə elə bir zərbə vurulmalıdır ki,  Prezidentin xalqa müraciətində söylədiyi kimi bu məsələ gələcək nəsillərə qalmasın.  Ona görə də müharibəni başlayan ermənilər, qurtaran isə Azərbaycan dövləti və ordusu olacaq”.

Günel Türksoy