Muijnieks & Co. iş başında

muijnieks-amp-co-is-basinda
Oxunma sayı: 687


Avropa Şurası insan haqları komissarı Nils Muijnieks ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunya Miyatoviç və BMT-nin insan haqları müdafiəçiləri üzrə xüsusi məruzəçisi Mişel Forstla birləşərək Azərbaycanla bağlı bir yazı yazıb. Yazıda iddia edilir ki, ölkəmiz, sən demə, insan haqları fəalları və jurnalistlər üçün təhlükəli və dözülməzdir. Bu qəbildən başqa iddiaların da yer aldığı yazıya, əslində, şərh vermək olardı. Amma diqqətimizi bir məsələ çəkdi. Həmin yazıya oxucular yetərincə geniş reaksiya verib və bu reaksiyaların heç biri müəlliflərin xeyrinə deyil. Ona görə də öz şərhimizi bir kənara buraxıb oxucu şərhlərindən bəzi örnəklərə baxaq.

Nihad adlı oxucu yazır: “Muijnieks, Forst və Miyatoviç bir daha sübut etdi ki, onlar təmsil etdikləri qurumların deyil, bəzi siyasi dairələrin maraqlarını təmsil edir. İdman və təbii ki, 1-ci Avropa Oyunları Avropada mədəniyyətlər və dinlərarası dialoq, dostluq, tərəfdaşlıq və sülhə xidmət edir”.

Lamiyə adlı oxucu isə yazır ki, “əsassız ittihamlardır”.

Aqil adlı oxucunun ünvanladığı sualı mən də dilə gətirərdim. O soruşur: “Necə olur ki, biz Azərbaycanda yaşadığımız halda hər hansı repressiya, diktatura müşahidə etmirik, siz isə hər gün bəyan edirsiniz ki, burda diktatura var. Yetər artıq. Bizim sizin yardımınıza ehtiyacımız yoxdur”.

Səbuhi adlı oxucu haqlı olaraq soruşur ki, “2 azərbaycanlı erməni həbsxanasında işgəncə çəkir, siz isə heç vaxt Avropa liderlərindən onların müdafiəsini xahiş etmirsiniz. Niyə?”.

Muijnieks, əslində, bu suala mayın 22-də Riqada cavab vermişdi. O, məsələnin “siyasi olduğunu” nəzərə alaraq şərh etmək istəməmişdi. İndi gəl bu adamdan soruşma ki, necə olur siz idmanı siyasətə qata bilərsiniz, amma siyasətə dəxli olmayan məsələni belə siyasi elan edib şərhindən yayınırsınız?

Elə bu məqalə də eyni ruhda yazılıb. Əsas məsələlər bir tərəfdə qalıb, bunlar bəzi dairələrin uydurduğu məlum yalanları təkrar-təkrar tirajlamaqla məşğuldur. Biz isə dəfələrlə deməyə məcbur oluruq ki, idmanı siyasətə alət etmək doğru deyil. İnsan haqlarını qorumaq yaxşıdır, amma ortada Ermənistan tərəfindən hələ də işğal altında tutulan Azərbaycan torpaqları, 1 milyon qaçqın və köçkün varkən kimlərinsə maliyyə fırıldaqlarına görə həbsini siyasi repressiya kimi təqdim edənlərin səmimiyyətinə necə inanmaq olar? Təbii ki, olmaz. Elə bizim kimi düşünən onlarla başqa oxucu da bu üzdən yuxarıda örnəklərini verdiyimiz şərhlərlə Muijnieks və digərlərinə təpki verirlər ki, bəlkə nəticə çıxaralar. Amma anlaşılan odur ki, nəticə çıxaracağa bənzəmirlər. Neynək, olsun. Zatən Azərbaycana münasibətdə ikili standartlar həmişə olub, bu da onlardan biridir.