Bu deyimi bir çox filosofun adına yazırlar: hamı satılır, qiymətlər fərqlidir. Yəni adam var, beş manata satılır, adam da var, beş milyona.
Kapitalizm dönəmində satılmaq təkcə xəyanət, yolunu, əqidəsini satmağa demirlər, satılmaq, həm də bu günə qədər zəhmətlə yığdıqlarını kütləyə satmaqdır.
İndi satılmaq, həm də, bu günə qədər əziyyətlə tanıtdığın simanı kapitala çevirmək deməkdir. Düzdür, sonda qeyd olunanlarla, klassik satılma eyni anlayış deyil, ancaq etiraf edək ki, kapitalizmdə məşhurluqla pul qazanmağın bir adı da qram-qram satılmaqdır.
Bu reallıqları nəzərə alanda bağışlanmayan məsələ satılmaq yox, çox ucuz qitymətə satılmaqdır.
Ucuza satılmaq ədəbiyyat adamı üçün ikiqat faciədir, o, həm də həmkarlarını, sənətini ucuzlaşdırır.
Buna görə xarici ədəbiyyat müsabiqələrində əsərlərin müqayisələndirilib mükafatlandırılması ənənəsi tənqid olunur, asta-asta bu tendensiya aradan qaldırılır.
Bizdə isə, pisin pisi var; bu gün keçiriləcək “Beynəlxalq Silkway Ədəbiyyat Festivalı” kimi...
Adını eşidib duruxmayın, atəşli səslənsə də, içi boşdur.
Demək, festivalın şərtləri elan oldunduğu gün sosial şəbəkədə yüngül etiraz etdik. Çünki bir ədəbiyyat adamı olaraq, həmkarlarımın həmin şərtlərlə müsabiqəyə bədii mətnlərinin yollamasını istəməzdim. Söhbət o şərtlərdən gedir ki, qaliblərin başını hədiyyə, yemək, yatmaqla aldadırlar, pul mükafatı nəzərdə tutulmayıb. Eyni zamanda şərtlər içində o da var idi ki, seçilmiş iştirakçılar çıxıb öz hekayələrini münsiflər qabağında oxuyacaqlar (yəni final mərhələsinin münsifləri özlərinə əziyyət verib oxumayacaq) sonra şifahi qiymətləndirmə olacaq.
Mükfatın şərtlərində deyirlər ki, sizi Qubada buxarlı, hamamlı bir otelə aparıb yaxşıca qidalandıracağıq, sonra elə özünüzə şeirlərinizi, hekayələrinizi oxudacağıq, ardınca da sizə qiymət verəcəyik.
İnanın, belə də deyirlər. Şərtlərdəki müddəalardan biri belədir:
“Siz gündə 3 dəfə qidayla təmin ediləcəksiz”.
Çox üzr istəyirəm, bu formada təklif nəinki bir sənət adamına, ümumiyyətlə, ikiayaqlı məməliyə ediləsi təklif deyil.
Qidalandırma deyəndə adamın ağlına kombikorma, silos gəlir.
Heç olmasa, press-relizi yazanda nəzərə alın ki, tədbirə qatılanlar söz adamlarıdır. Bu kimi təklifləri səhər, günorta, şam yeməyi sözləri ilə əvəzləmək olar və s.
Otuz nəfəri Quba rayonunda beşulduzlu oteldə üç gecə saxlamaqdansa, onların arasından üçünü seçib üç-beş min mükafat vermək, kitabını xarici ölkədə çıxarmaq olar.
Təşkilatçı tərəflə çox da işim yoxdur. Çünki bir təşkilatçı ədəbiyyat adamından çox şey istəyə bilər. Hətta deyə bilər ki, gündə üç dəfə qidalandırmışam, indi əyil, ənzəli oynayaq. Bəs, müsabiqəyə qatılan gənclər niyə özlərini belə ucuza satırlar?
Niyə türk hamamı, spa sözlərini oxuyan kimi min əziyyətlə, istedadlarının suyunu sıxa-sıxa yazdıqları mətnləri sərirlər ortaya?
Niyə bir gənc ədəbiyyat adamı öz bədii məhsulunu iki gecə, üç gündüz türk hamamında çimməyə, gündə üç öyün yeməyə, bir də iddia olunan “qiymətli hədiyyələr” sözünə satsın?
Bu vaxta qədər deyirdik ki, qələm adamı imkansızdır, pula ehtiyacı var, ona görə edir. Bəs indi? Görünür bu imkan yox, özünədəyər problemidir.
Bir ay qabaq festivalın şərtlərini oxuyanda gülmüşdüm, düşünmüşdüm ki, öz qələmini sevən şəxslər də bu müsabiqəyə etiraz edəcək, ən pis halda qatılmamaqla reaksiya verəcəklər. Amma görürəm, əksər işıqlı saydığımız qələm adamları, gənclər həmin müsabiqəyə mətn yollayıblarmış.
Ədəbiyyat belə ucuz qiymətə satıldıqca nə ədəbiyyatçının dəyəri olacaq, nə də xalq bu sənətdən bir xeyir görəcək. Xalqın yanında ola biləcək azsaylı dəyərlərdən birini - ədəbiyyatı belə ucuz qiymətə almaqla, satmaqla oyunçular qazanır, sənət itirir.
Başa düşürəm, Qafqazda ləyaqətlə yaşamaq da istedad tələb edir. Heç olmasa, çalışın, beş manata yox, beş milyona satılanlardan olun.
Sərdar Amin
Xəbəri rus dilində oxuyun: Не пропустите праздничное предложение на Рамазан от İrşad