“Mükafatınızı alın və rədd olun!” - Siyasi mesajsız “Qızıl Qlobus”...

mukafatinizi-alin-ve-redd-olun
Oxunma sayı: 2323

Ötən gün Los-Ancelesdə keçirilən 77-ci “Qızıl Qlobus” mükafatlandırma mərasimi maraqlı məqamlarla yadda qalıb. “Qafqazinfo” xəbər verir ki, ABŞ-la İran arasında yaranan gərginlik, Avstraliyadakı təbii fəlakətin kölgəsində baş tutan tədbirdə siyasi- sosial mesajlara yer verilməyib.

Belə ki, gecənin aparıcısı Ricky Gervais açılış mərasimində şüarların qarşısını almaq üçün çıxış edib: “Hamınız həssas olduğunuzu deyirsiz. Amma Çində qanunsuz istehsal edilən “Apple”, “Amazon” və “Disney” ilə əməkdaşlıq edirsiz. İŞİD platforma yaratsa, birinci ora qoşulmaq istəyərsiz. Mükafat alsanız, əsla, bu səhnəni siyasi mesajlar vermək üçün istifadə etməyin. İnsanlara nəsihət verəcək biri deyilsiz. Həqiqi dünyadan bixəbərsiz. Mükafatınızı alın və rədd olun!”.

Tədbirdə ən çox müzakirə olunanlardan biri də aktrisa Cate Blanchett olub. Belə ki, qırmızı xalçaya çıxan 50 yaşlı kino ulduzunun Mary Katrantzou imzalı paltarı məsxərəyə çevrilib və sosial medianın dilinə düşüb. Aktrisanın libası gecə lampasına bənzədilib.

Məşhur ingilis aktrisa Helen Mirren isə bahalı zinət əşyası ilə diqqət çəkib. O, gecədə Harry Winston markasına məxsus 4 milyon dollar dəyərində almaz boyunbağı, üzük və küpələrdən istifadə edib.

Amerikalı aktrisa Phoebe Waller-Bridge isə “Ən yaxşı komediya aktrisası” mükafatını almaq üçün səhnəyə çıxarkən sabiq Prezident Barak Obamaya təşəkkür edib. Buna səbəb siyasətçinin onun rol aldığı “Fleabag” serialını izləməsi olub.

“Once Upon a Time in Hollywood” filmindəki roluna görə “Ən yaxşı köməkçi aktyor” mükafatını qazanan Bred Pitt təşəkkür çıxışında uşaqlarına yer verməyib. Məşhur aktyor ona dəstək olan hər kəsə minnətdarlığını bildirsə də, övladlarının adını çəkməyib. Bu isə aktyorun tənqid edilməsi ilə nəticələnib.