“Etnik, mədəni və tarixi tellərlə bağlı qardaşlıq və dostluq münasibətlərimiz Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyində qarşılıqlı maraqlarımıza xidmət edən gərçək addımlarla dəstəklənir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
O qeyd edib ki, xarici siyasət və diplomatiya sahəsində də əlaqələrimiz ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət!” ideyası və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri - bizim kədərimiz, sevinci - bizim sevincimizdir" tarixi kəlamı çərçivəsində inkişaf edir:
“Bənzərsiz əlaqələrimiz artıq Türkiyə diplomatlarının Azərbaycanın maraqları, Azərbaycan diplomatlarının Türkiyənin maraqları fərqli beynəlxalq platformalarda öz dövlət maraqları kimi qoruması və təşviqi səviyyəsinə yüksəlmişdir. Bunun ən gözəl örnəkləri dövlət başçılarımız tərəfindən həyata keçirilir. 2014-cü ildə Praqada keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlıq proqramı Zirvəsi zamanı erməni iftira və hücumlarına münasibətdə Prezident Əliyevin “Türkiyə burada yoxdursa, mən varam, biz varıq!” sözləri, Prezident Rəcəb Tayyib Ərdoğanın hər zaman, xüsusilə də 44 günlük Vətən savaşı zamanı vurğuladığı “Azərbaycan bizim qırmızı cizgimizdir!” ifadəsi diplomatiya tarixində bənzərsiz əlaqələrin təzahürüdür. Bu mənada ikitərəfli münasibətlərimizin yüksəlişinə fayda gətirən dəyərli məsləkdaşlarımıza təşəkkür etmək istəyirəm. Münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Bununla birlikdə hələ gedəcək yolumuz, çatacağımız çox hədəflərimiz də var ki, bu yolda da hər birimizə uğurlar diləyirəm”.