“Qafqazinfo” Musavat.com-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
“Əziz soydaşlarım!
Novruz bayramı münasibətilə təbrik edir, hər birinizə uzun ömür və xoşbəxtlik arzulayıram. Şərq təqviminə görə Novruz bayramı yeni ilin gəlişini göstərməklə yanaşı, baharın, saflığın və bərəkətin rəmzi sayılır. Uzun müddət bir çox milli-mənəvi dəyərlərimiz kimi bu bayram rəsmən qadağan edilsə də, onu xalqımızın yaddaşından silmək mümkün olmayıb. Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra xalqımız bu bayramı yenə də ən əziz bayram kimi leqal şəkildə qeyd etməyə başladı.
Bu gün Novruz rəsmi bayram olsa da, xalqımız onu ürəyi istəyən kimi qeyd edə bilmir. Çünki Əliyevlər rejiminin yarıtmaz siyasəti nəticəsində xalq ağır böhran, dərin sosial-iqtisadi çətinliklər içində yaşayır, yüzlərlə günahsız insanlar şərlənərək həbsxanalara atılır, insanların mülkiyyət haqları pozulur, insanların hüquq və azadlıqları hər addımda tapdalanır. Novruz insanları halal zəhmətə, əməyə çağırır, amma insanlar minbir əzaba qatlaşaraq ailəsinə çörək pulu qazanmaq imkanından məhrum edilir. Onlar əməyinin bəhrəsini görə bilmirlər, bu zəhmətin bəhrəsini bir ovuc harınlamış, xalqın qəniminə çevrilmiş şəxslər mənimsəyirlər. Hakimiyyət nümayəndələri hər cür zənginliklərə malik bir ölkənin vətəndaşlarının sabahkı günə inamını məqsədli şəkildə məhv etməyə çalışırlar. Bütün bunların qarşısını almaq üçün böyük potensialı olan bir xalqın övladı kimi hər bir Azərbaycan vətəndaşı öz taleyinə sahib olmaq, öz haqlarını qorumaq uğrunda mübarizə aparmalıdır. Yalnız fəadakar mübarizə nəticəsində ölkəni talançıların və soyğunçuların caynağından qurtarmaq, xalqın bütün problemlərini həll etmək mümkündür.
Bu ilki Novruz bayramı ərəfəsində Ukrayna xalqının və Krım tatarlarının avrointeqrasiya istiqamətində mübarizəsində qələbəsi bizi ruhlandırsa da, Rusiya Federasiyasının Krım Muxtar Vilayətini bütün bəşəri normalara zidd olaraq özünə birləşdirməsi azadlıqlar uğrunda, haqq-ədalət uğrunda mübarizənin davam etdirilməsi zərurətini təsdiqləyir.
Biz hamımız artıq bir nəfər kimi mübarizəyə qoşulmalı, özümüzün və ölkəmizin taleyinə sahib durmalıyıq. Mən ümid edirəm ki, çox yaxın vaxtlarda bu amal uğrunda apardığımız mübarizədə azadlıq və ərazi bütölüyü naminə ciddi uğurlara imza atacağıq.
Əziz soydaşlarım!
Bir daha Novruz bayramı münasibətilə sizi ürəkdən təbrik edirəm.
Tanrı Azərbaycanımızı qorusun!”
Son xəbərlər
Son Xəbərlər