“Qafqazinfo” həmin bəyanatı olduğu kimi təqdim edir:
2013-cü il 7 mart tarixindən “N!DA” Vətəndaş Hərəkatı üzvü olan gənclərə qarşı başlayan repressiyalar Bəxtiyar Quliyevin, Şahin Novruzlunun, Məmməd Əzizovun, Rəşad Həsənovun, Üzeyir Məmmədlinin, Rəşadət Axundovun, Zaur Qurbanlının və İlkin Rüstəmzadənin qanunsuz və əsassız həbsi ilə nəticələndi. Milli Təhlükəsizlik Nazirliyinin tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilən və Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan “N!DA” Vətəndaş Hərəkatı fəallarının məhkəməsi başa çatdı.
Gənclərin məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslərin və onların vəkillərinin verdikləri vəsatətlərin böyük əksəriyyətinin qəbul edilməməsi, gənclərə verilən işgəncə faktlarının ortaya çıxması, öyrədilmiş şahidlərin izahatları və onların verdikləri ifadələr arasında aşkara çıxan ziddiyyətlərin araşdırılmaması və nəhayətdə dövlət ittihamçısının ittihamını yenidən səsləndirərək, həbs cəzası istəməsi ədalət mühakiməsinin siyasi qərar əsasında fəaliyyət göstərdiyini bir daha təsdiqləyir. Beynəlxalq təşkilatlar və bir sıra dövlətlərin səfirlikləri tərəfindən bu məhkəmə proseslərinin siyasi sifarişlə həyata keçirildiyi bəyan edilsə də, Azərbaycan məhkəmələri bu cür qanunsuzluqları davam etdirməkdə israrlı mövqe nümayiş etdirir.
Bu gün məhkəmə iclasına sədrlik edən Cavid Hüseynov məhkəmə prosesi dövründə heç bir təqsiri müəyyən olunmayan gənc fəallara - Rəşadət Axundova 8 il, Zaur Qurbanlıya 8 il, İlkin Rüstəmzadəyə 8 il, Rəşad Həsənova 7 il 6 ay, Məhəmməd Əzizova 7 il 6 ay, Üzeyir Məmmədliyə 7 il, Bəxtiyar Quliyevə 7 il, Şahin Novruzluya 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası elan etdi.
Məhkəmə başa çatdırqdan sonra əraziyə toplaşmış gənc fəallar və müxalifət təmsilçiləri etiraz aksiyasına başlayıblar. Aksiyaya polisin müdaxiləsi qeyri-adekvat və amansız olub. Nəticədə jurnalistlər, gənc fəallar, “N!DA” Vətəndaş Hərəkatının, Müsavat Partiyasının, AXCP-nin, digər siyasi və ictimai təşkilatların 30 qədər üzvü xüsusi amansızlıqla saxlanılaraq polis bölmələrinə aparılıb.
Müsavat Partiyası siyasi sifarişlər əsasında verilən məhkəmə hökmünün Avropa İnsan Haqları Konvensiyasının prinsiplərinə zidd olduğunu və nəticədə günahsız insanların zindanlara atılmasına etiraz edir, barələrində həbs cəzası seçilmiş fəalların və həmçinin aksiya zamanı saxlanılan gənclərin dərhal azad olunmasını Azərbaycan hakimiyyətindən tələb edir.
Son xəbərlər
Son Xəbərlər