“Qafqazinfo”nun məlumatına görə, bəyanatda qeyd olunur ki, 70 il bundan əvvvəl 18 may 1944-cü il tarixində dünya dövlətlərinin faşizm üzərində qələbəsinin qaçılmaz olduğu bir mərhələdə kommunizm ideyasının daşıyıcısı olan Sovetlər İttifaqının rəhbəri Stalinin sərəncamı ilə Krım tatarları əsrlərlə yaşadıqları əzəli tarixi torpaqlarından deportasiyaya məruz qaldı. Ağır şərtlər altında Mərkəzi Asiya çöllərinə sürgün edilən Krım tatarının yarıdan çoxu müxtəlif səbəblərdən həyatını itirdi. 1954-cü ildə Krım Muxtar Vilayəti Ukraynanın tərkibinə verilsə də, bu ərazinin aborigen xalqı olan Krım tatarlarının ana torpaqlarına dönüşünə yalnız Sovet İttifaqının süqutu dövründə 1989-cu ildən başlayaraq icazə verildi. Lakin bir sıra obyektiv və subyektiv səbəblərdən bütün Krım tatarlarının öz yurdlarına qayıtması reallaşmadı.
Ukrayna xalqının Avrointeqrasiya uğrunda 2013-cü il noyabrda başlayan Avromaydan hərəkatı 2014-cü il fevralda moskvapərəst Yanukoviç rejiminin süqutu və xalq hakimiyyətinin formalaşmağa başlaması ilə nəticələndikdən sonra Rusiya beynəlxalq hüquq və normalara, o cümlədən öz beynəlxalq öhdəlikərinə məhəl qoymadan Ukraynaya hərbi müdaxilə yolu ilə Krım Muxtar Vilayətini ilhaq etdi.
Tarixin ən ağır sınaqlarından keçmiş Krım tatarları bu gün də öz haqları uğrunda mübarizələrini davam etdirirlər. Son onilliklərdə olduğu kim indiki mərhələdə də Krım Tatar xalqının bu haqq və ləyaqət mübarizəsinə tanınmış dissident, ictimai-siyasi xadim Mustafa Cəmiloğlu rəhbəfrlik edir.
Müsavat Partiyası Krım tatarlarının da dəstək verdiyi Ukrayna xalqının haqq işində onların yanında olduğunu yalnız sözlə deyil, əməli fəaliyyəti ilə də təsdiq edib. Partiyanın başqanı ötən il 15 dekabrda Kiyev şəhərindəki Maydanda təşkil olunan mitinqdə çıxış edərək Müsavat Partiyasının Ukrayna xalqının Avrointeqrasiya istiqamətində səylərini dəstəklədiyini və bu mübarizədə Ukrayna xalqının yanında olduğunu bəyan edib. Partiyanın rəhbərliyinə daxil olan şəxslər Krım tatarlarına mənəvi-siyasi dəstək məqsədilə bu il mart ayında Krıma getməyə cəhd etmiş, bu cəhdin qarşısı Rusiya Xüsusi Xidmət oqranları tərəfindən kobudluqla alınmışdı.
Müsavat Partiyası Krım tatarlarının lideri Mustafa Cəmiloğlunu M.Ə.Rəsulzadə adına mükafatla təltif etmiş və Azərbaycanın demokratik qüvvələri ilə birlikdə Mustafa ağanın Nobel sülh mükafatına namizədliyini irəli sürmək təşəbbüsü ilə çıxış etmişdir.
Müsavat Partiyası bundan sonra da Krım tatarlarının hüquqlarının müdafiəsi istiqamətində səylərini davam etdirəcəyini bəyan edərək, Azərbaycan xalqının Krım tatarlarını heç bir halda yalnız buraxmayacağına və bu xalqın öz azadlığına və təməl hüquqlarına qovuşmasının yaxın zamanlarda gerçəkləşəcəyinə inamını ifadə edir.
Son xəbərlər
Son Xəbərlər