“Qafqazinfo”ya partiyadan daxil olan məlumata görə, 11 avqust 2014-cü il tarixdə AXCP mətbuat xidmətinin rəhbəri, tanınmış jurnalist, “Azadlıq” qəzetinin və “Azərbaycan saatı” teleproqramının əməkdaşı Natiq Ədilovun Sabirabad rayonundakı ata evinə polis basqını olub, onun qardaşı Murad Ədilov şərlənərək həbs edilib. Murad Ədilovun həbsinin Natiq Ədilovun siyasi fəaliyyətinə görə həyata keçirilməsi şübhə doğurmur.
Məlumata görə, M.Ədilov AXCP-nin fəal üzvlərindən və Sabirabadda partiyanın Gənclər Komitəsinin yaradıcılarından biridir. Bu baxımdan onun həbs edilməsi həm də özünün siyasi fəallığına görədir.
M.Ədilov həbs edilən gün onun harada saxlanıldığı haqda ailə üzvləri heç bir məlumat ala bilməyib. Sonrası gün onun Sabirabad polis şöbəsində döyüldüyü və Bakıya - DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə gətirildiyi məlum olub. Lakin ona vəkili ilə görüşmək imkanı verilməyib. Bütün bunlar M.Ədilova qarşı fiziki təzyiqlər olması ehtimalını artırır.
Müsavat Partiyası bu həbsin ölkədə başlanan repressiyaların davamı olduğunu, gənclərin siyasi proseslərə qoşulmasının, eləcə də Murad Ədilovun qardaşı Natiq Ədilovun siyasi fəaliyyətinin qarşısının alınmasına yönəldiyini bildirir.
Müsavat Partiyası M.Ədilovun və bundan əvvəl müxtəlif bəhanələrlə həbs olunan bütün siyasi məhbusların azad edilməsini Azərbaycan hakimiyyətindən tələb edir.
Son xəbərlər
Son Xəbərlər