Müsavat Əbülfəz Elçibəyi yad etdi

musavat-ebulfez-elcibeyi-yad-etdi
Oxunma sayı: 1537


“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, tədbirdə MSDM rəhbəri İsa Qəmbər, Müsavat başqanı Arif Hacılı, “Bozqurdlar”ın lideri İsgəndər Həmidov başda olmaqla, partiya fəalları iştirak edirdilər.  Saat 11:00-da başlayan ziyarətdə iştirakçılar Ə.Elçibəyin məzarı önünə gül-çiçək dəstləri düzərək, dualar oxudular.  Tədbir Müsavat başqanı Arif Hacılının çıxışı ilə başladı: “Bütün iştirakçıları bu gün münasibətilə təbrik edirəm. Azərbaycan Xalq Cəbhəsi Baltikyani ölkələr, Ukrayna və digərlərində gedən hərəkatlarla birlikdə, belə hərəkatların olmadığı Orta Asiya respublikalarının da xalqlarının müstəqil olmalarına yol açan bir təşkilat oldu. Bu baxımdan bizim xalq hərəkatının təkcə Azərbaycan xalqı üçün yox, bütövlükdə bir çox SSRİ xalqlarının da azadlığa çıxmasına səbəb olan bir hərəkat kimi tarixi əhəmiyyəti var. Bu gün Azərbaycan Xalq Cəbhəsində fəaliyyət göstərmiş, qurucu olmuş insanlar müxtəlif siyasi qurumlarda, Müsavat, Milli Demokrat, AXCP, KXCP və digər təşkilatlarda fəaliyyət göstərirlər. Biz indi apardığımız siyasəti, ideoloji yolumuzu Rəsulzadə-Elçibəy yolu adlandırırıq. Bu da Azərbaycanın istiqlalı, hürriyyəti, demokratiyası uğrunda aparılan mübarizədir. Biz bu mübarizədə qalib gələcəyimizə inanırıq. Məhəmməd Əmin Rəsulzadənin, Elçibəyin və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş digər  insanların arzularının həyata keçməsi uğrunda mübarizəmizi davam etdiririk. Bu mübarizənin qələbəli sonluqla nəticələnəcəyinə inanırıq. Buna əminik. Hər birinizi 16 iyun Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 26 illiyi ilə bağlı təbrik edirəm”.

Daha sonra MSDM rəhbəri İsa Qəmbər çıxış etdi: “Hər birinizi təbrik edirəm. Doğrudan da çox əlamətdar bir gündür. 26 il bundan əvvəl 16 iyulda Azərbaycan Xalq Cəbhəsi yarandı. Mübaliğəsiz deyirəm ki, Xalq Cəbhəsi Azərbaycanın xalqının tarixində, ləyaqət, demokratiya uğrunda mübarizə tarixində də ümumdünya səviyyəsində ən güclü təşkilatlardan biri olub. Azərbaycan xalqının bu təşkilatı yaratması ilə fəxr etməyə haqqı var. Bu təşkilat xalqın min illik arzu, istək, hədəflərindən doğan bir təşkilat idi. Təşkilatın yaradıcısı Əbülfəz Elçibəy də xalqımızın bağrından qopan, millətinə bağlı bir insan  idi. Xalq onu öz lideri seçmişdi. 16 iyulun qiyməti hələ veriləcək. İnanıram ki, zaman keçəcək, tarixdə Xalq Cəbhəsinin yaranması, bu təşkilatın qəhrəmancasına mübarizəsi, bir illik AXC-Müsavat hakimiyyəti deyilən milli hökumət qalacaq. Necə ki, indi əksəriyyət ürəkdən, bəziləri qeyri-səmimi 1918-20-ci illərin demokratik hakimiyyətini yüksək qiymətləndirdiyini deyir. Zaman gələcək, 1992-93-cü illərdəki Elçibəy hakimiyyəti də belə qiymətləndiriləcək. Qiymətləndirməyənlər məcburiyyətdən bunu edəcəklər. Əliyev rejimi əslində qalsa, mövcud olduğu dönəmdə də 16 iyuna həmişə dəyər veribdir. 1993-cü ilin bu günündə məni həbs eləmişdi, bu ilin 16 iyulunda Leyla Yunusun məhkəməsi başladı. Leyla Yunus Xalq Cəbhəsini yaradan şəxslərdən biridir. Əliyev rejimi bu şəkildə Xalq Cəbhəsini yaradan insanlardan qisas almağı qarşısına məqsəd qoyub. Amma tarixin gedişini dayandırmaq mümkün deyil. Tarixi hadisələrə hər kəs gördüyü istiqamətdən qiymət verə bilər. Amma tarix bütövdür. Azərbaycan Xalq Cəbhəsi də xalqımızın tarixində daim şərəfli məqamlardan biri kimi mövcud olub, yaşayacaqdır. Bu yolu davam etdirəcəyik. Bu yol müsavatçılıq, Rəsulzadə-Elçibəy yoludur. Bu yolu gedən bütün insanları təbrik etməyə haqqımız var. Hər birinizi təbrik edirəm”.