Müsavat Gənclər Təşkilatı bəyanat yaydı

musavat-gencler-teskilati-beyanat-yaydi
Oxunma sayı: 962



"Qafqazinfo" həmin bəyanatı təqdim edir. Müsavat Gənclər Təşkilatı ötən il yanvarın 23-24-də İsmayıllıda məmur övladlarının qudurğanlığına qarşı baş tutan etiraz və iğtişaşlara görə qanunsuz olaraq "zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, hakimiyyət nümayəndələrinə qarşı silahlı müqavimət göstərməklə müşayiət olunan kütləvi iğtişaşlar törətmə və ya belə iğtişaşlarda iştirak etmə" əməllərində ittiham olunaraq martın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsinin “Müsavat” partiyası başqanın müavini Tofiq Yaqublu və “Real” hərəkatının sədri İlqar Məmmədov barəsində çıxardığı hökmünü hakimiyyətin siyasi sifarişi ilə çıxarılmış qanunsuz hökm kimi dəyərləndirir, onların dərhal və qeyd-şərtsiz olaraq azadlığa buraxılmasını tələb edir.

Müsavat Gənclər Təşkilatı bu məhkəmə hökmünü qətiyyətlə pisləyərək, onun hər hansı dəlilə yox, siyasi sifarişə söykəndiyini bəyan edir, bu ədalətsiz və sifarişli məhkəmə qərarının ləğv olunmasını tələb edir və ölkə ictimaiyyətini, eləcə də beynəlxalq birliyi bu qərara biganə qalmayıb, sərt etiraz etməyə səsləyir. 

Müsavat Gənclər Təşkilatı bəyan edir ki, Azərbaycan iqtidarı vicdan məhbuslarının və digər siyasi məhbusların həbsdə saxlanılmasının ölkədəki narazılığın qarşısını alacağına, demokratik qüvvələri qorxudacağına və kütləvi etiraz aksiyalarından çəkindirəcəyinə ümid etməklə ciddi şəkildə yanılır. Heç vaxt, heç yerdə bu yolla dəyişikliklərin qarşısını almaq mümkün olmayıb və bu Azərbaycanda da mümkün olmayacaqdır.