Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, iclasda qərarların icrası, görülən işlər müzakirə olunduqdan sonra partiyadaxili məsələlərə baxılıb.
Yığıncaqda 28 May – İstiqlal Günü münasibəti ilə Novxanı qəsəbəsində M.Ə.Rəsulzadənin abidəsi qarşısında keçirilən bayram tədbiri ilə bağlı fikir mübadiləsi aparılıb. Müsavat Partiyası Abşeron rayon təşkilatına təşkilati-texniki işləri layiqincə yerinə yetirdiyinə görə təşəkkür elan olunub. M.Ə.Rəsulzadənin 130 illik yubileyi ilə bağlı tədbirlərin davam etdirilməsinin məqsədəuyğunluğu qeyd edilib.
Partiyanın başqan müavini Gülağa Aslanlının “Avropa Siyasi Məsləhətçilər Assosiasiyası”nın 19-cu illik konfransında iştirakı və orada müzakirə olunan məsələlər barəsində məlumatı dinlənilib.
Divanda partiyanın başqan müavini Tofiq Yaqublunun və “REAL” Hərəkatının rəhbəri İlqar Məmmədovun, eləcə də İsmayıllı hadisələrinə görə həbs cəzasına məruz qoyulmuş şəxslərin Apellyasiya məhkəməsinin qeyri-müəyyən vaxta təxirə salınması, siyasi məhbuslara təzyiq və təhrik yolu ilə əfv ərizəsi yazmalarının tələb edilməsi pislənilib və bu halın heç bir hüquqi anlamın olmadığı bildirilib.
Yığıncaqda jurnalist Rauf Mirqədirovun, hüquq müdafiəçisi Emil Məmmədovun, gənc fəal Orxan Eyyubzadənin əsassız olaraq həbs olunması, Anar Məmmədli, Bəşir Süleymanlı, Ömər Məmmədov, Əbdül Əbilov və digərləri haqqında məhkəmələr tərəfindən hüquqi əsası olmayan həbs cəzalarının kəsilməsi, QHT fəalları Leyla Yunus, Mətanət Əzizova, Arif Yunus və digərlərinə edilən təzyiqlər pislənilib və bu sahədə vəziyyətin daha da pisləşməsi diqqətə çatdırılıb.
Müsavat Partiyası siyasi məhbuslara edilən təzyiqlərin dayandırılmasını, apellyasiya məhkəmələrinin hüquqi normalara əsasən keçirilməsini və müxtəlif təbəqələrdən olan fəallara qarşı yol verilən qanun pozuntularının aradan qaldırılmasını tələb edir, hakimiyyət nümayəndələrini Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik edən ölkə kimi beynəlxalq normalara əməl etməyə çağırıb.
Sonda cari məsələlərə baxılıb.
Son xəbərlər
Son Xəbərlər