Müsavat mühacir qalmaqalı ilə bağlı açıqlama yaydı

musavat-muhacir-qalmaqali-ile-bagli-aciqlama-yaydi
Oxunma sayı: 3240

Müsavat partiyası mühacir qalmaqalı ilə bağlı açıqlama yayıb.

"Qafqazinfo" xəbər verir ki, yayılan açıqlamada bildirilib ki, alman polisinin keçirdiyi əməliyyatın hədəfi nəinki Müsavat Partiyası, heç azərbaycanlı mühacirlər də deyil:

“Son günlər Almaniyada qanunsuz miqrant problemi ilə bağlı həyata keçirilən əməliyyat Azərbaycanda tamamilə təhrif olunaraq, guya Müsavat Partiyasına qarşı əməliyyat kimi təqdim edilib. Bu, Müsavat Partiyasına qarşı təbliğat kampaniyası aparanlar üçün növbəti bir fürsət olub. 

Halbuki, həmin əməliyyatın hədəfi nəinki Müsvat Partiyası, heç azərbaycanlı mühacirlər də deyil. Almaniyada həyata keçirilən əməliyyata, rəsmi məlumata görə, 510 polis cəlb edilib, 6 federal əyalət üzrə 38 obyektdə axtarış aparılıb. Bu obyektlərdən yalnız 13-ü azərbaycanlılara, böyük əksəriyyəti isə ukraynalı, suriyalı və digər ölkələrdən olan miqrantlara məxsusdur. 

Əməliyyat çərçivəsində hər hansı bir Müsavat üzvünün saxlanıldığı barədə iddia təsdiq olunmayıb. 

Bu iddia ilk olara Meydann TV əməkdaşı Həbib Müntəzir tərəfindən irəlü sürülüb. Getdikcə daha çox təhrif edilərək şaxələnən iddiaya görə, saxlanılanlar  arasında guya Müsavat Avropa Koordinasiya Mərkəzinin rəhbəri İlham Həsən,  onun müavini kimi təqdim edilən Mehdi Xəlilbəyli, həmçinin fəallar Abdin Cavadov, Rəşad Məmmədov, Elşən Abdullayev və keçmiş CÇM rəhbəri Elçin Əkpərovun da olduğu iddia edilib.

Əvvəlcə qeyd edilməlidir ki, Mehdi Xəlilbəyli təşkilatda hər hansı vəzifə tutmur. Adı çəkilən digər şəxslər Müsavat üzvləri deyil, Rəşad Məmmədov isə, nəinki üzv deyil, uzun müddət Müsavat AKM və müsavatçılar əleyhinə kampaniya aparan şəxsdir. Onların saxlandıqlarını təsdiq edən hər hansı fakt da ortada yoxdur.

Həmçinin İlham Həsənin saxlanması haqında xəbər təkzib edilib. O, canlı yayımda verdiyi müsahibədə özünün və təşkilatın digər üzvlərinin saxlanması barədə xəbərin yalan olduğunu bildirib.

Təəssüflə qeyd edilməlidir ki, Həbib Müntəzirin çalışdığı Meydan TV bu əssasız iddianı tam olaraq dərc etmədiyi halda, bəzi nüfuzlu media strukturları heç bir mənbə göstərmədən bunu dərc ediblər. 

Həbib Müntəzir öz iddiasının mənbəyi kimi “Koblens məhkəməsinin qərarı” kimi təqdim etdiyi bir kağız parçasını sosial mediada paylaşıb, lakin onun üzərində nə möhür, nə imza, nə də başqa rekvizit var.

Üstəlik, “sənəddə” yazılanların bir çoxu silinib ki, bunun kimin tərəfindən, hansı məqsədlə, hansı yalanı gizlətmək üçün silindiyi izah olunmayıb. 

Müsavat Partiyası qanunsuz miqrasiya və saxta sənədlərin verilməsi ilə bağlı obyektiv araşdırmaların aparılmasında maraqlıdır. Əgər Almaniya polisinin həyata keçirdiyi əməliyyat nəticəsində hər hansı bir Müsavat Partiyası üzvünün qanundan kənar fəaliyyəti aşkar olunarsa, həmin şəxs(lər) buna görə fərdi məsuliyyət daşıyacaq. Bununla yanaşı, Müsavat Partiyası da bu halda həmin şəxs(lər)lə bağlı adekvat tədbirlər görəcək.

Yayılan məlumatlarla bağlı araşdırmalar davam edir. Yaxın vaxtlarda daha ətraflı məlumatlar veriləcək”.