“Qafqazinfo”nun xəbərinə görə, bəyanatda deyilir: “İlkin tədqiqatlar nəticəsində təsdiq olunan və əksər beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən birmənalı olaraq qəbul edilən informasiyaya görə təyyarə Rusiya tərəfindən dəstəklənən separatçı və terroristlərin nəzarəti altında olan ərazidən yerdən atılmış “BUK” zenit – raket kompleksi ilə vurulub.
Həmin raketlərin separatçı və terroristlərə Rusiya tərəfindən verilməsi Ukrayna kəşfiyyat orqanları tərəfindən dəqiqləşdirilib və kimsədə şübhə doğurmur.
Təyyarə vurulandan sonrakı dəqiqələr ərzində bu faciəni icra edənlərin verdikləri raportlardan da təyyarənin məhz separatçı və terroristlər tərəfindən vurulması demək olar ki, dəqiqləşib.
Hadisə nəticəsində həlak olanların içərisində körpə uşaqlarla yanaşı, elmi konfransa gedən dünyaca məşhur elm adamlarının da olduğu müəyyənləşib.
Təyyarənin “qara qutu”su separatçı və terroristlərin nəzarətində olan Luqansk şəhərinə aparılıb, sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarına verilib. Bu faktın özü də cinayətin izinin Rusiya tərəfindən gizlədilməsinə xidmətə yönəlib.
Yalnız ABŞ, Avropa Birliyi və Malaziyanın israrlı tələblərindən sonra təyyarə düşən yerin beynəlxalq qurumlar tərəfindən tədqiq olunmasına razılıq verilib.
Müsavat Partiyası baş verən bu hadisəni planlı şəkildə insanlığa qarşı yönəlmiş cinayət olduğunu bəyan edir, hadisənin beynəlxalq qurumlar tərəfindən müstəqil şəkildə araşdırılmasını vacib hesab edir. Faciənin baş verməsinə şərait yaradanların, bu işdə rolu olan şəxslərin və dövlətlərin tapılmasını və onların Beynəlxalq Haaqa məhkəməsində insanlığa qarşı cinayət maddələri ilə beynəlxalq hüquq normalarına əsaslanaraq cəzalandırılmasını tələb edir”.
Son xəbərlər
Son Xəbərlər