“Qafqazinfo”ya daxil olan məlumata görə, yığıncaqda partiyanın qurultayının keçirilməsi ilə bağlı məsələ müzakirə edilib. Partiyanın Avropa Şurası Nazirlər Komitəsinin hazırkı sədri Elmar Məmmədyarova qurultayın keçirilməsi üçün yer ayrılması məsələsində səlahiyyətləri daxilində müdaxilə etməsi üçün ünvanladığı müraciət təqdir olunub. Avropa Şurası Nazirlər Komitəsinin hazırkı sədrindən bu müraciətə beynəlxalq standartlar çərçivəsində tez bir zamanda rəsmi cavab verməsi təklif olunub.
Artıq 14 may 2014-cü il tarixindən Azərbaycan iqtidarının Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsinə baxmayaraq, ölkədə insan haqları və hüquqularının qorunması, siyasi məhbusların azad edilməsi və demokratik islahatların aparılması istiqamətində heç bir addımın atılmaması qeyd edilib.
Divanda hazırda həbsdə olan siyasi məhbuslara, xüsusən “NİDA”çı gənclərə əfv ərizəsi yazdırılması ilə bağlı təzyiqlərin olması pislənilib və bu hərəkətlərin yolverilməzliyi qeyd olunub.
Müsavat Partiyası başqan müşaviri Yadigar Sadıqovun apellyasiya şikayətinə baxışın 10 iyun tarixinə təyin olunmasına baxmayaraq, Şirvan Apellyasiya məhkəməsi tərəfindən məhkəmənin heç bir əsaslı səbəb gətirmədən 01 iyul 2014-cü il tarixinə təxirə salınmasını Yadigar Sadıqova qarşı Azərbaycan məhkəmə sisteminin növbəti təzyiq mexanizmi olduğunu bəyan edir və Ədliyyə Nazirliyindən bu cür qanunazidd hərəkətlərə son qoyulmasını tələb edir.
Son xəbərlər
Son Xəbərlər