Müsavat Rəsulzadənin yubileyi ilə bağlı tədbir keçirdi

musavat-resulzadenin-yubileyi-ile-bagli-tedbir-kecirdi
Oxunma sayı: 916



Bu gün Müsavat Partiyası mərkəzi qərərgahında Müsavat Gənclər Təşkilatının təşkilatçılığı ilə M.Ə.Rəsulzadənin 130 illik yubiliyinə həsr olunmuş tədbir keçirilib. “Qafqazinfo”nun tədbirdə iştirak edən müxbiri xəbər verir ki, toplantıda Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, Müsavat başqanı İsa Qəmbər, M. Ə. Rəsulzadə irsinin araşdırıcısı, tarixçi-alim Nəsiman Yaqublu, Teyyub Qurban və başqa qonaqlar iştirak edib.

Tədbir Azərbaycan himninin səsləndirilməsi ilə açıq elan edilib. Daha sonra 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla yad olunub. 

Müsavat Gənclər Təşkilatının sədri Əhliman Abbaslı çıxışında tədbirdə iştirak edən hər kəsə təşəkkür edib. O, Rəsulzadənin Azərbaycan xalqına verdiyi töhfələrdən danışıb. 

Çıxışdan dərhal sonra təşkilat üzvlərinin hazırladığı video-rolik nümayiş olunub. Nəsiman Yaqublu bildirib ki, yanvar ayının 31-də Moskvada Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar tədbir keçiriləcək. O, Rəsulzadə həyatının çox zəngin olduğunu, araşdırdıqca çox məqamların ortaya çıxdığını söyləyib. 
Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə tədbiri təşkil etdikləri üçün Müsavat Gənclər Təşkilatına minnətdarlığını bildirib və gənclərə elmlərə yiyələnməyin vacibliyindən danışıb. 

Sonda çıxış edən Müsavat başqanı İsa Qəmbər Müsavat Gənclər Təşkilatına təşəkkür edib: “Müsavat Gənclər Təşkilatı hər zaman çox güclü təşkilat olub. İndi də öz mübarizliyi fərqlənir. Gəncliyimizə uğur və qələbə arzulayıram. 

Hər bir qüvvə Müsavatsız məğlubiyyətə məhkumdur. Azərbaycanın xoşbəxliyi Müsavat dəyərləri ilə, Rəsulzadə ilə bağlıdır. Hər kəs bu dəyərlərə sayğı göstərməlidir. Mən bu yolun qələbəsinə inanıram. Mən özümü sadəcə müsavatçı yox, həm də Rəsulzadə vurğunu hesab edirəm”.