Müsavat Təşkilat Komitəsi yaratdı

musavat-teskilat-komitesi-yaratdi
Oxunma sayı: 972


“Qafqazinfo”nun məlumatına görə, Divanda qərarların icrası və görülən işlər barədə məlumat verilib.

ABŞ səfirliyinin səlahiyyətli nümayəndəsi ilə partiya rəhbərliyinin görüşü barədə məlumat dinlənilib.

Partiyanın Tovuz rayon təşkilatının bərpası məqsədilə 7 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.

Divanın yığıncağında Xocalı faciəsi qurbanlarının anım tədbirinin keçirilməsi barədə qərar qəbul edilib. Anım tədbiri 26 fevral 2015-ci il tarixda saat 12.00-da Xocalı abidəsi önündə keçiriləcək.

Müsavat Partiyası başqanının müavini Fərəc Kərimlinin, Sirac Kərimlinin və tanınmış vəkil İntiqam Əliyevin məhkəmələrini diqqətdə saxlamaq barədə tapşırıq verilib.

Toplantıda manatın dəyərinin ucuzlaşması ilə bağlı hakimiyyətin xalqın rifahını nəzərə almadan verdiyi qərarla əlaqədar partiyanın bəyanatı təqdir edilib. 

Kütləvi aksiyaların keçirilməsi ilə bağlı təkliflər müzakirə edilib.

Lənkəran rayonunun ərazisində son iki gündə əhalinin etiraz aksiyaları haqda məlumat dinlənilib. 

Toplantıda Müsavat Partiyası başqanının müavini, vicdan məhbusu Tofiq Yaqubluya “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin verilməməsi pislənilib və bu qanun pozuntusunun aradan qaldırılması tələb edilib.

Divanda son zamanlar Ukraynada rus qoşunları tərəfindən imzalanan müqavilələrə məhəl qoymadan yeni Ukrayna ərazilərinin zəbt olunması beynəlxalq hüquq normalarının tapdanması kimi qiymətləndirilib.

Rusiyanın işğalı altında olan Krım ərazisində son günlər yarmadanın əzəli sahibi olan Krım tatarlarına qarşı basqıların daha da geniş vüsət alması, Krım tatarlarının hüquqlarının qorunması istiqamətində dünya ictimaiyyətinin birgə səylər göstərilməsinin vacibliyi qeyd edilib.

Sonda cari məsələlərə baxılıb.