“Qafqazinfo”ya daxil olan bəyanatda bildirilir ki, Lənkəran rayon məhkəməsi Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqov haqqında 6 il müddətinə azadlıqdan məhrumetmə barədə hökm çıxarıb. Siyasi əqidəsi, davranışı, intellekti sayəsində yalnız Lənkəranda, Cənub bölgəsində deyil, bütün Azərbaycanda yaxşı tanınan Yadigar Sadıqovun qondama xuliqanlıq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilməsi Azərbaycan hakimiyyətinin siyasi opponenetlərə qarşı zorakı mübarizəsinin davamıdır.
Y.Sadıqovun şərlənərək həbs olunması onun Müsavat Partiyası başqanı İsa Qəmbəri yanvar ayında Lənkərana dəvət etməsi, Lənkəran rayonun və Azərbaycanda baş verən qanunsuzluqlar, insan haqlarının kobud şəkildə pozulması faktlarının sosial şəbəkələrdə açıq şəkildə yayması, Müsavat ideyalarını Lənkəran və ətraf rayonlarda yorulmadan ardıcıl olaraq təbliğ etməsinə, onun mövcud iqtidara qarşı siyasi fəaliyyətinə cavab olaraq hakimiyyət tərəfindən həyata keçirilən siyasi repressiya aktıdır.
Müsavat Partiyası Y.Sadıqovun azadlıqdan məhrum edilməsi barədə məhkəmənin hökmünü hakimiyyətin siyasi sifarişi ilə çıxarılmış qanunsuz hökm kimi dəyərləndirir, onun dərhal və qeyd-şərtsiz olaraq azadlığa buraxılmasını tələb edir.
Müsavat Partiyası Y.Sadıqovun, digər siyasi və vicdan məhbuslarının azadlığa buraxılması üçün həm ölkə daxilində, həm də beynəlxalq miqyasda səylərini davam etdirəcəyini bəyan edir.
Son xəbərlər
Son Xəbərlər