Partiyadan “Qafqazinfo”ya daxil olan məlumata görə, iclasda qərarların icrası, görülən işlər müzakirə olunduqdan sonra partiyadaxili məsələlərə baxılıb.
Yığıncaqda siyasi məhbusların həbsxanada saxlanma şəraitində mövcud problemlər haqqında mətbuatda yayılan məlumatlar dinlənilib və narazılıq ifadə olunub. Şəki Apelyasiya məhkəməsində Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu, REAL Hərəkatının rəhbəri İlqar Məmmədovun və İsmayıllı hadisələrinə görə həbs edilən digər vətəndaşlara qarşı yol verilən qanun pozuntuları müzakirə edilib. Əvvəlki məhkəmə iclaslarında təqsirləndirilən şəxslərin vəsadətinə əsasən müəyyən şəxslərin şahid qismində məhkəməyə çağırılması haqqında qərar qəbul edən hakim bütün iştirakçıların gözü qarşısında həmin qərarın qəbul edilmədiyini bildirməsi məhkəməyə olan ən kiçik ümidləri də yox etdiyi bildirilib.
Yığıncaqda Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının Şura iclasının polis nəzarəti altında keçirildiyi və bu hadisənin yeganə olmadığı bildirilib, bütün bunlar Müsavat Partiyasına qarşı təqiblərin davam etdirilməsi kimi qiymətləndirilib.
Divanda Rusiya qoşunlarının Ukraynaya hərbi təcavüzü nəticəsində çoxlu sayda insan itkisinə yol verilməsi pislənilib. Rusiya ilə Ukrayna arasında atəşkəs haqqında razılığa gəlinməsi insanların qırılmasına son qoyula bilinəcəyi baxımından təqdir olunsa da, bu razılığın sonunda Ukrayna ərazisində yeni “Qarabağ”, “Şimali Osetiya” və “Abxaziya” probleminin yarana biləcəyi ifadə olunub.
Yığıncaqda son zamanlarda ölkənin müxtəlif bölgələrində yas mərasimlərinə qeyri-qanuni basqılar pislənilib və bu məsələnin qadağa yolu ilə deyil, əhalinin maarifləndirilməsi və nümunə göstərilməsi yolu ilə həll edilməsinin vacibliyi qeyd edilib.
Divanda “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun atası Sabir Hüseynovun vəfatı haqqında məlumat verilib, mərhumun ailə üzvlərinə, yaxınlarına və dostlarına başsağlığı verilib.
Sonda cari məsələlərə baxılıb.
Son xəbərlər
Son Xəbərlər