“Müsavatda üzvlük haqları barədə məlumat verilməlidir”

musavatda-uzvluk-haqlari-barede-melumat-verilmelidir
Oxunma sayı: 710


“Qafqazinfo”nun verdiyi xəbəər görə, S.Əlisoy özünün facebook hesabında qeyd edib ki, öncə qurultay nümayəndələrinin sayı 200, Məclis üzvlərinin sayı 50, Divan üzvlərinin sayı isə 11 nəfər müəyyən edilməlidir: “Belə olduğu halda qurultaya, Məclisə və Divana daha intellektual, püxtələşmiş, fədakar müsavatçılar seçilər. Regionçuluğa və saxtakarlığa stavkalar ortadan qalxar, qurultayın vaxtında keçirilməsində, Məclisin və Divanın fəaliyyıtində, ən əsası rasional qərarların qəbulnda problem yaşanmaz”.

Başqanlığa namizəd qeyd edib ki, partiyada daimi fəaliyyətdə olan, 5-6 peşəkar mütəxəssisdən ibarət "Analitik qrup" (beyin mərkəzi) yaradılmalıdır: “Kadr seçimində populistlərə deyil, intellektuallara stavka edilməlidir. Bir müsavatçının partiyada iki vəzifə daşımasının qarşısı alınmalı, iki seçkidən artıq vəzifədə qalmaqda davam edən rayon təşkilatının sədrləri istefaya göndərilməlidir. Partiya rəhbərliyində Azərbaycanın bütün regionlarının və partiyada çoxluq təşkil edən etniklərin nümayəndələrinin təmsilçiliyi nəzərdə tutulmalıdır”. 

S.Əlisoy təməl prinsiplərdən imtina edilməsinin müzakirəyə çıxarılmasını istəyib: “Partiyanın təməl prinsiplərindən ikisi- Millətçilik və Türkçülük müzakirəyə çıxarılmalı, çağdaş siyasi durumda liberal dəyərlərə verilən önəm, millətçiliyin bir partiyanın təməl prinsipi elan olunmasının mənfi və müsbət tərəfləri saf-çürük edilməlidir. "Müsavat Başqanı Türk oğlu Türk olmalıdır" başlıqlı statusla həm müsavatçıların, həm də ziyalılarımızın nəbzini yoxladım və qənaətim odur ki, bu məsələ müzakirə predmetidir.

Partiya 90-cı illərdən qalma populist şüarlardan imtina etməli, səmərəsiz siyasi aksiyalara son qoyulmalı, siyasi aksiyalar yalnız partiya imicinə müsbət təsir edəcəyi - real xalq dəstəyi olduğu zaman gündəmə gəlməli, qarşıdurma yaradan icazəsiz aksiyalar əvəzinə icazəli məkanlarda güc nümayiş etdirməyə nail olunmalıdır.

İşğaldakı torpaqlarımızın məsələsi daimi olaraq partiyanın gündəmində olmalı, mütəmadi olaraq dəyirmi masalar təşkil edilməli, Avropadakı mühacir müsavatçıların AŞPA və digər beynəlxalq qurumlar qarşısında bu problemin gündəmə gətirilməsi təmin edilməlidir”. 

Səxavət Əlisoy toplanan üzvlük haqlarının şəffaf olmasını tələb edib: “Partiyada tam şəffaf mühit bərqərar olunmalı, toplanan üzvlükhaqları və ianələr barədə hər ay məlumat verilməli, partiya rəhbərliyində təmsil olunacaq şəxslər mal varlığı barədə cəmiyyəti məlumatlandırmalıdır.

Partiya öz fəaliyyətində yalnız və yalnız siyasi mübarizənin təkamül yolunu tutmalı, inqilab eyforiyasından uzaq dayanmalıdır.

Siyasi müttəfiqləri müəyyən edərkən, partiya rəhbərlərinin şəxsi münasibətləri yox, partiya maraqları önə çəkilməlidir.

Partiyada üzvlüklə yanaşı, tərəfdaşlıq institutu yaradılmalıdır.

Azərbaycanın qonşularla ikitərəfli münasibətlər qurmasını, Avropaya inteqrasiyasını xarici siyasətdə hər zaman olduğu kimi prioritet hesab etməlidir”.

Murad Əhməd