“Qafqazinfo” ya daxil olan bəyanatda bildirilir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin iyulun 11-də keçirdiyi antinarkotik əməliyyatı nəticəsində Azərbaycandan keçib Türkiyəyə gedən yük maşınında 2 ton 790 kq saflaşdırılmış maye heroin aşkar edilib. Medianın məlumatına görə narkotik maddə Azərbaycanın məşhur boya şirkəti “FAB”-ın istehsalı olan boya adı altında qablaşdırılıb və üzərində “FAB” boyasının reklam təsviri olan yük maşınında olub. Bəzi KİV-lərdə isə qeyd olunub ki, 100 milyonlarla dollar dəyərində olan narkotik maddə Azərbaycana İran ərazisindən daxil olub. Bu əməliyyata görə Gürcüstanın Baş naziri DİN-i təbrik etsə də, Azərbaycanın müvafiq dövlət strukturları susmaqda davam edirlər.
Normal hüquqi dövlətlərdə belə faktlara görə ən azı Gömrük və Sərhəd xidmətlərinin, eləcə də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının rəhbərləri istefaya göndərilər və cəzalandırılar, hadisənin tədqiqi üçün təxirəsalınmaz işlərə qərar verilərdi. Adi hallarda ölkəyə 1 kq banan daxil olmasına imkan verməyən, əhalinin qonşu ölkədən gətirdiyi ərzağı alıb zibilliyə atan gömrük işçilərinin bu qədər narkotik maddəni diqqətsizlik hesabına buraxmaları inandırıcı görünmür. Narkotik maddənin “FAB” boyası adı altında qablaşdırılması versiyası əlavə suallar ortaya çıxarır. Bu işdə Beynəlxalq Narkoticarət Şəbəkəsinin izlərinin olması ehtimalını kənara qoymaq olmur.
Müsavat Partiyası bu hadisəni Azərbaycan hakimiyyəti üçün rüsvayçılıq kimi dəyərləndirir, hakimiyyət yetkililərindən bu faktın hərtərəfli tədqiq edilməsini, cəmiyyətə tam bilgi verilməsini və günahkarların cəzalandırılmasını tələb edir.
Son xəbərlər
Son Xəbərlər