Bəs, Müsavat Partiyasının rəhbərliyi ADR-in təsis konfransını izləyiblərmi, həmin təşkilatda neçə nəfər Müsavat üzvünün olduğundan məlumatlıdırlarmı və onlar barəsində hansısa tədbir görüləcəkmi?
“Qafqazinfo” xəbər verir ki, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı “Yeni Müsavat”a bildirdi ki, onların özlərinin verdiyi rəsmi məlumata görə, yaratdıqları təşkilatın 267 nəfər üzvü var. 267 nəfərdən Müsavat Partiyasının üzvü olanların sayı heç yüz nəfər də deyil. Oradakı Müsavat üzvlərinin sayı yüzdən aşağıdır.
G.Aslanlı onu da dedi ki, konfransda iştirak edən Müsavat üzvlərinin bir çoxu özləri də bəyan ediblər ki, həmin təşkilatın üzvü deyillər, sadəcə tədbirə qonaq kimi dəvət olunublar və qonaq kimi iştirak ediblər: “Hikmət Hacızadə, Rafiq bəy İsmayıl, Tural Abbaslı və digər bir neçə şəxs də dəvət olunanlar qismində orada iştirak ediblər. Həmin təşkilata üzv olan Müsavat üzvlərinin əksəriyyəti isə Müsavat Partiyasında son zamanlar fəaliyyəti çox aşağı olan adamlardır. Eyni zamanda onlar Müsavat Partiyasının üzvü olaraq qalırlar. Həmin adamlara ictimai təşkilata üzv olduqları üçün partiya cəzası verilməsi gözlənilmir. Ancaq həmin qurumdakı Müsavat üzvləri Müsavat Partiyasının Nizamnaməsini pozan hər hansı bir addım atacaqlarsa, Nizamnaməyə uyğun olaraq onlar haqqında tədbir görülə bilər”.
Təsis konfransını izləyib-izləmədiklərinə gəlincə, G.Aslanlı dedi ki, həmin tədbir onun üçün maraq kəsb eləmədiyindən orada nələrin söyləndiyi, nə olduğu ilə maraqlanmayıb: “Amma onların özlərinin verdiyi məlumatda maraqlı görünən odur ki, həmin tədbirdə Nizamnamə qəbul ediblər və elə həmin gün də Nizamnaməni pozublar. Nizamnamədə gizli səsvermə yazıldığı halda açıq səsvermə ilə alternativsiz sədr seçkisi keçiriblər. Müsavat Partiyasını guya ədalətsiz seçki keçirməkdə ittiham eləyən adamlar özləri ilk gündən Nizamnaməni pozublar. Bu, mənim mətbuatdan oxuduğum məlumatdır”.
Son xəbərlər
Son Xəbərlər