Müsavatdan “Bizə yer verin xahişi”- - Elmar Məmmədyarova müraciət

musavatdan-bize-yer-verin-xahisi-
Oxunma sayı: 1215


“Qafqazinfo” ya daxil olan müraciətdə bildirilir ki,  Müsavat Partiyası növbəti qurultayının keçirilməsi üçün müvafiq yer ayrılması xahişi ilə, Bakı şəhəri İcra Hakimiyyətinin başçısı cənab H.Abutalıbova  17.01.2012, 28.02.2012, 07.03.2012, 08.05.2012 və 11.02.2014-cü il tarixdə ünvanladığı müraciətlərində Müsavat Partiyasının qurultayında 700 nəfərədək qurultay nümayəndəsinin və yüzlərlə qonağın, mətbuat nümayəndəsinin, ümumilikdə isə ən azı 800-1000 nəfərin iştirakının gözlənildiyini bildirib. Cənab H.Abutalıbov göndərdiyimiz müraciətlərin heç birini qanunvericilikdə nəzərdə tutulan müddət ərzində cavablandırmayıb, gecikdirilən cavablarında isə Müsavat Partiyasının qurultayının keçirilməsi üçün qeyri-adekvat, cəmi 300-500 tutumlu yerlər təqdim etməklə partiyanın qurultayının keçirilməsinə şərait yaratmaqdan faktiki imtina edib. Eləcə də özəl müəssisələrə ünvanladığımız müraciətlərə də hakimiyyətin təzyiqləri ucbatından rədd cavabı verilib. 

İki ildən artıq davam edən müraciətlərimizə Azərbaycan hökümətinin laqeyd və qərəzli münasibəti və  cavab verməkdən imtina etməsi ucbatından məsələnin hüquqi müstəvidə həlli üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq. Hazırda Bakı şəhər İcra Hakimiyyətinə qarşı məhkəmə iddiamız baxış (dəfələrlə təxirə salınıb) mərhələsindədir.  Məhkəmənin gedişi ərəfəsində Bakı şəhər İcra Hakimiyyəti tərəfindən bizə təklif edilən sonuncu yer Bakı şəhərinin mərkəzindən uzaqda yerləşən Mədəniyyət evinin iştirakçı tutumu 546 oturacaqdan ibarətdir ki, bu da bizim müraciətimizdə qeyd olunan sayın təxminən yarısı qədərdir. Zalın səhnəsi bərbad və qəzalı vəziyyətdədir, təcili təmirə ehtiyacı var. Mədəniyyət evinin rəhbərliyinin verdiyi məlumata görə, 3 il bundan əvvəl bu səhnədə bədbəxt hadisə baş verdiyinə görə son 3 ildə Mədəniyyət evinin həmin zalında heç bir kütləvi tədbir keçirilməyib. 

Cənab Sədr,

Azərbaycan hökümətinin bu davranışları “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin (siyasi partiyaların hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq onların öz nizamnamə vəzifələrini yerinə yetirmələrinə şərait yaratmaq) Azərbaycan Respublikası Konstitusiyasının preambula hissəsinin 3-cü abzas-cümləsində qeyd olunan Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək; 5-ci abzas cümləsində yazılan xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq; 12.1 maddəsində təspit olunan İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir və 54.1 maddəsində yazılan Azərbaycan Respublikası vətəndaşlarının, cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ vardır, kimi siyasi azadlıqların fundamental   prinsiplərinə ziddir. 

Azərbaycan höküməti 12 il əvvəl Avropa Şurası qarşısında ifadə, birləşmə, siyasi hüquqlar, seçki qanunvericiliyi, qanunların aliliyi və s. məsələlərə dair öhdəliklər götürüb, lakin elə Avropa Şurasının məruzəçilərinin hesabatlarından da göründüyü kimi, bu öhdəliklərə əməl etməkdən əsasən yayınıb, bir sıra öhdəliklərə əməl etməkdən isə nümayişkəranə şəkildə imtina edib. 

14 may 2014-cü il tarixindən Azərbaycan növbəlilik prinsipi üzrə Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. Hesab edirik ki, özünün sədrliyi dövründə Azərbaycan höküməti nəhayət üzərinə götürdüyü öhdəliklərin icrası məsuliyyyətini dərk etməlidir.

16 aprel 2014-cü il tarixdə Avropa Şurası Nazirlər Komitəsində “Avropa Şurası və Azərbaycan arasında 2014-2016-cı illər üçün Fəaliyyət Planı” qəbul edilib. Qəbul edilən planda  Avropa Şurası Parlament Assambleyası, Nazirlər Komitəsi, İşğəncələr Əleyhinə Komitənin, Avropa Şurası Venesiya Komissiyasının məruzələrində və qətnamələrdə  irəli sürülən tövsiyələrdə əsasən aşağıdakı istiqamətlər üzrə tədbirlər nəzərdə tutulur:

-  toplaşmaq azadlığı;

-  söz və KİV azadlığı, assosiasiya azadlığı;

-  effektiv idarəetmənin möhkəmləndirilməsi, korrupsiyaya qarşı mübarizə;

- azad və ədalətli seçkilərin dəstəklənməsi;

-  məhbusların hüquqları, cəzasızlığa və amansız rəftara qarşı mübarizə;

-  məhkəmə sisteminin effektivliyinin artırılması;

- Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi;

- yerli demokratiya;

- kibercinayətkarlıqla mübarizədə əməkdaşlıq;

-  mədəniyyətlərarası dialoq.

Cənab Sədr,

100 ildən artıq şərəfli tarixə malik olan Müsavat Partiyası hürriyyət və istiqlal uğrunda mübarizə aparan, 96 il öncə müstəqil Azərbaycan dövlətinin qurucusu olan bir partiyadır. Uzun illərdir Müsavat Partiyası Azərbaycan xalqının avtoritar, korrupsioner idarəetmənin qurbanı yox, azad, demokratik cəmiyyətə sahib “rifah dövlətinin” vətəndaşları olması, demokratik prinsiplərin, əsas insan hüquq və azadlıqlarının yayılması, Azərbaycanın Avrointeqrasiya istiqamətində tərəddüdsüz və qətiyyətli siyasi kurs götürməsi, Azərbaycan dövlətinin demokratik Avropa ailəsinin layiqli üzvü olması üçün ardıcıl siyasi mübarizə aparır.

Sizdən xahiş edirəm,

Müsavat Partiyasının ali orqanının (Qurultayının) toplanmasına imkan yaratmayan Azərbaycan hökümətinə demokratik prinsiplərə zidd siyasi addımlarını dayandırmalarının zəruriliyini,  “Siyasi partiyalar haqqında” Qanunun 13-cü maddəsinə əməl etməli olduqlarını izah edəsiniz. Müsavat Partiyasının qurultayının keçirilməsinə maneçilik törətməklə partiyanın fəaliyyətinə qanunla qadağan olunan HAKİMİYYƏT MÜDAXİLƏSİnə son qoymaları və nəhayət Müsavat Partiyasına müvafiq toplantı salonu ayrılması üçün Azərbaycan hökümətinin Avropa Şurası qarşısındakı öhdəlikləri, “Avropa Şurası və Azərbaycan arasında 2014-2016-cı illər üçün Fəaliyyət Planı”nda nəzərdə tutulan “toplaşma, assosiasiya azadlığı”  və Avropa Şurası Nazirlər Komitəsinin səlahiyyətlərinə aid olan “üzv ölkələrin öhdəlikərinin icrasına nəzarət” imkanları çərçivəsində Azərbaycan hökümət qarşısında prinsipial iradə nümayiş etdirəsiniz.