Müsavatdan Fərəc Kərimovla bağlı daha bir- - Bəyanat

musavatdan-ferec-kerimovla-bagli-daha-bir-
Oxunma sayı: 767


“Qafqazinfo”ya daxil olan bəyanatda bildirilir ki,  23 iyul 2014-cü il tarixində Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinin qabağından mülki geyimli şəxslər tərəfindən heç bir sənəd təqdim olunmadan, ona hüquq və vəzifələri elan edilmədən, faktiki olaraq oğurlanaraq, iradəsi əleyhinə məcburən qeyri-müəyyən istiqamətə aparılıb. Sonradan onun barəsində Nərimanov rayon məhkəməsi tərəfindən 3 aylıq həbs qətimkan tədbiri seçilib. Bütün bu proses F.Kərimovun ailə üzvləri və vəkilinin iştirakı olmadan gizli şəkildə həyata keçirilib.

Bu gün Bakı İstintaq Təcridxanasında saxlanılan F.Kərimovla görüşmək istəyən vəkilinə bu görüş üçün istintaq orqanları tərəfindən lazım olan sənədlərin verilməsində maneələr yaradılıb. Bu barədə istintaq orqanlarına müraciət edən vəkil müxtəlif bahənələrlə səlahiyyətli şəxslər tərəfindən qəbul edilməyib. 

Saxlanıldığı gündən bugünədək bir həftə keçməsinə baxmayaraq F.Kərimovun vəkili ilə görüşünə şərait yaradılmaması insan haqlarının kobudcasına pozulması, hüquq-mühafizə orqanları tərəfindən növbəti qanunsuzluqdur.

Bu fakt F.Kərimovun saxlanılarkən fiziki təzyiqlərə məruz qalması və bunun nəticəsində yarana bilən izlərin gizlədilməsinə xidmət kimi də qiymətləndirilə bilər. F.Kərimovun qardaşı Sirac Kərimlinin saxlanıldıqdan sonra Narkotiklərə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən izahat almaq məqsədilə vəhşicəsinə döyülməsi faktı təsdiqləndiyi üçün qeyd olunanların həqiqətə uyğun olduğu ehtimalını artırır. 

Müsavat Partiyası siyasi xarakter daşıyan bu həbslərin Müsavat Partiyasına, azad düşüncəli gənclərə, sosial şəbəkələrin fəal iştirakçılarına qarşı, bütövlükdə Azərbaycanın demokratik qüvvələrinə qarşı repressiyaların davamı olduğunu bir daha bəyan edərək,  Fərəc Kərimovun öz vəkili ilə görüşmək hüququnun təmin olunmasını və bu qanunsuzluğu həyata keçirənlərin cəzalandırılmasını tələb edir.

Müsavat Partiyası eləcə də Sirac Kərimli və Fərəc Kərimov qardaşlarının da adının daxil edildiyi siyasi məhbusların hamısının dərhal həbsdən azad olunmasını bir daha Azərbaycan hakimiyyətindən tələb edir.