“Qafqazinfo”nun məlumatına görə, toplantıda Mərkəzi Nəzarət-Təftiş Komissiyasına daxil olan bir sıra ərizə və şikayətlərə baxılıb. O cümlədən bir neçə partiya üzvünün adından “Müsavat Üzvlərinin Hüquqlarını Müdafiə Komitəsi”nin yaradılması məsələsi müzakirə edilib.
Müsavat Partiyasının legitim strukturlarını – VIII Qurultaya hazırlıq, keçirilməsi və sonrakı dövrdə nəticələrə birbaşa təsir edən seçki pozuntuları vasitəsilə ələ keçirmiş qanundankənar qrup və seçkili qurumlarını, onun Divanını, Mərkəzi Nəzarət-Təftiş Komissiyasını qeyri-qanuni adlandıran, özünü Müsavata qarşı qoyan bir qrup şəxsin yaratdığı bu qurum Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasına alternativlik iddiası ilə çıxış edərək, özünü Müsavat üzvlərinin müdafiəçisi kimi təqdim edir.
Müsavat Partiyasının Nizamnaməsinə əsasən Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyası partiya üzvlərinin Nizamnamə hüquqlarının qorunması və intizamına baxılması məsələsində partiyanın üstqurumudur. Partiyadan xaric edilən hər bir müsavatçı narazı qaldığı qərardan partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasına müraciət etmək hüququna malikdir. Partiyadaxili şikayətlə bağlı prosedur hüququndan nümayişkaranə şəkildə imtina edərək, əvəzində partiya strukturlarına qarşı qondarma qurum yaratmaq Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının səlahiyyətlərini mənimsəmək və açıq-aydın bölücülük cəhdidir.
Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyası özünü üzvü olduğu Müsavat Partiyasına qarşı qoyan, belə hərəkətləri ilə partiyanın nüfuzuna zərbə vurmaq məqsədi güdən şəxslər xəbərdarlıq edir ki, bu cür hərəkətlər Müsavat Partiyasının Nizamnaməsinin 1.9. bəndinin (partiyadaxili intizama riayət etmək və partiyadankənar fəaliyyətində partiyanın nüfuzunu qorumaq) kobud şəkildə pozulması cəhdidir.
Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyası belə hərəkətlərə yol verən şəxsləri partiya Nizamnaməsinə zidd fəaliyyətlərinə son qoymağı tələb edir.
Son xəbərlər
Son Xəbərlər