“Qafqazinfo”nun məlumatına görə, bəyanatda deyilir:
“Ölkədə siyasi məhbusların sayı günü-gündən artmaqdadır. Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqov şərlənərək həbs edilib və heç bir hüquqi faktlara əsaslanmayan məhkəmə tərəfindən 6 il həbs cəzasına məruz qoyulub. Onun barəsində verilən apellyasiya şikayətinə baxılmasının naməlum səbəblərdən uzadılması anlaşılan deyil. Son günlərdə bu şikayətə baxılmasının 15 aprel saat 1000-a təyin edilməsi haqqında məlumat əldə olunub.
23 yanvar 2013-cü il tarixində harın məmur övladlarının təhqirlərinə dözməyərək, onlara qarşı etiraz edən İsmayıllı camaatına qarşı qaldırılan cinayət işinə yerli sakinlərə əlavə olaraq, 24 yanvarda bu şəhərdə 10-15 dəqiqə hadisə yeri ilə tanış olan “Yeni Müsavat” qəzetinin köşə yazarı, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqubluya və “REAL” Hərəkatının sədri İlqar Məmmədova müvafiq olaraq 5 və 7 il həbs cəzası veilib.
Məhkəmənin gedişi zamanı aparılan istintaqın siyasi sifarişə əsaslandığı faktlarla təsdiqləndi. Proses zamanı təqsirləndirilən şəxslərin və onların vəkillərinin verdikləri vəsatətlərin böyük əksəriyyətinin qəbul edilməməsi, heç bir səbəb olmadan əsassız olaraq həbs qətimkan tədbirinin qüvvədə saxlanılması, istintaq materiallarının – video-diskin cinayət işindən yoxa çıxması, hakimin açıq-aşkar ittiham tərəfinin mövqeyini müdafiə etməsi, öyrədilmiş şahidlərin izahatları və onların məhkəmədə verdikləri cavablar arasında aşkara çıxan ziddiyyətlərin araşdırılmaması və nahəyətdə dövlət ittihamçısının ittihamını əsas tutaraq həbs cəzalarının verilməsi Azərbaycan məhkəmələrinin siyasi qərar əsasında hökm çıxardığını bir daha təsdiqləyir. Hazırda bu işlə bağlı apellyasiya şikayəti verilib. Beynəlxalq təşkilatlar və bir sıra dövlətlərin səfirlikləri tərəfindən bu məhkəmələrin siyasi sifarişlə həyata keçirildiyi bəyan edilsə də, Azərbaycan məhkəmələri bu cür qanunsuzluqları davam etdirir.
“N!DA” Vətəndaş Hərəkatının və AGT üzvü olan gənclərin məhkəmə prosesində də yuxarıda qeyd olunan halların təkrar olunması, “N!DA”çı gənclərə verilən işgəncə faktlarının ortaya çıxması yuxarıda söylənilən fikirlərin doğru olduğunu sübut edir. QHT rəhbərləri Pərviz Həşimli, Anar Məmmədliyə qarşı irəli sürülən əsası olmayan iddialar və həbsdən sonra bugünlərdə Gəncədə Həsən Hüseynliyə qarşı da “Lənkəran ssenarisi” həyata keçirilib. "Facebook" sosial şəbəkəsində hakimiyyəti tənqid edən fikirlər səsləndirdikləri üçün Elsevər Mürsəlli və Abdul Əbilov müxtəlif qondarma ittihamlarla həbs olunublar. İnanclı kəsimin də bir sıra nümayəndələri siaysi sifariş əsasında uydurma ittihamlarla zindan həyatı yaşayırlar. Müsavat Partiyasının Məclisi beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi məhkəmələrdə siyasi sifarişlər əsasında verilən məhkəmə hökmlərinin Avropa İnsan Haqları Məhkəməsinin prinsiplərinə zidd olduğunu və nəticədə siyasi məhbusların sayının artmasına səbəb olduğundan narahatlığını ifadə edərək, bu halın insan haqlarına və demokratik dəyərlərə zidd olduğu kimi Avropa Şurasının üzvü və hətta 2014-cü ilin may ayından Avropa Şurasının Nazirlər Kabinetinə sədrlik etməyə hazırlaşan bir dövlət olaraq Azərbaycanın maraqlarına də zərbə olduğunu bəyan edir.
Müsavat Partiyasının Məclisi adları qeyd olunan və sifarişlə həbs edilmiş digər siyasi məhbusların tez bir zamanda azad olunmasını Azərbaycan hakimiyyətindən tələb edir, siyasi məhbusların həbsdən azad edilməyəcəyi təqdirdə, 2015-ci ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan Avropa Olimpiya Oyunlarının boykot edilməsi çağırışı ilə dünyanın demokratik dövlətlərinə müraciət etmək haqqında partiya Məclisinin qərarının qüvvədə olduğunu bir daha bəyan edir”.