Müsavatın bəyanatı

musavatin-beyanati
Oxunma sayı: 1045


Avropa Birliyi və ABŞ legitim əsaslarla yaradılan yeni hökuməti tanıdığını bəyan etsə də, qonşu Rusiya Federasiyası bu faktı nəzərə almaq istəmir və Ukraynada separatizmin güclənməsini dəstəkləyən bəyanatlar verir və Ukraynanın Krım Muxtar Vilayətində azsaylı separatçılara hərbi yardım göstərir. Bu hərbi müdaxiləyə arxalanan separatçı qüvvələr bu gün Krım parlamentində 16 mart 2014-cü il tarixdə Krımın statusu ilə bağlı referendum keçirmək haqqında və eləcə də “Rusiya Federasiyasının subyekti qismində Rusiya Federasiyasının tərkibinə daxil olmaq prosedurunun başlanması haqqında” qərar qəbul edib və bu təkliflə Rusiya rəhbərliyinə müraciət olunub. Müraciət prezident Vladimir Putinə və Rusiya parlamentinə ünvanlanıb.

Müsavat Partiyası hesab edir ki, Rusiyaya aid olması şübhə doğurmayan ordu birləşmələrinin təzyiqi altında Krım parlamentinin qəbul etdiyi bu qərarlar heç bir hüquqi əhəmiyyət daşımır.

“Qafqazinfo” xəbər verir ki, Müsavat Partiyası Rusiyanın Ukraynaya hərbi müdaxiləsini və təxribat cəhdlərini qətiyyətlə pisləyir, indiyə qədər olduğu kimi, bundan sonra da Ukraynanın suverenliyini və ərazi bütövlüyünü, Ukrayna xalqının haqlı tələblərini müdafiə edəcəyini bəyan edir.

Müsavat Partiyası inanır ki, problemlərin Ukrayna Konstitusiyasına və beynəlxalq normalara uyğun şəkildə dinc yolla həlli imkanları hələ tükənməyib. Bunun üçün biz Avropa ilə inteqrasiyaya can atan Ukraynanın parçalanmasına yönəlmiş hərbi müdaxilə və separatizmə qarşı beynəlxalq birlikdən daha fəal mövqe, beynəlxalq təşkilatlardan hadisələrə aydın və birmənalı münasibət gözləyirik.

Müsavat Partiyası Azərbaycan hakimiyyətindən GÜAM üzvü olan ölkəmizin strateji müttəfiqi Ukraynanın suverenliyi və ərazi bütövlüyünü birmənalı müdafiə etməyi, dost Ukrayna xalqına və Krım tatarlarına açıq dəstək ifadə etməyi tələb edir.