Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, iclasda qərarların icrası, görülən işlər müzakirə olunduqdan sonra partiyadaxili məsələlərə baxılıb.
Yığıncaqda Krım tatarlarının deportasiyasının 70 illiyi münasibəti ilə partiyanın yaydığı bəyanatda Müsavat Partiyasının Krım tatarlarının lideri Mustafa Cəmiloğlunu M.Ə.Rəsulzadə adına mükafatla təltif etməsi və Azərbaycanın demokratik qüvvələri ilə birlikdə Mustafa ağanın Nobel sülh mükafatına namizədliyini irəli sürmək təşəbbüsü ilə çıxış etməsinin vurğulanması qeyd olunub. Krım tatarlarına qarşı son zamanlar Rusiya tərəfindən təqib və təzyiqlərin artması halları pislənilib.
“N!DA” Vətəndaş Hərəkatının gənclərinə məhkəmənin hökmünə dinc aksiya zamanı etiraz edən Tural Abbaslı və Kəmalə Bənənyarlının həbsindən verilən apellyasiya şikayətinə baxış zamanı onlara verilən cəzanın qüvvədə saxlanılması pislənilib və bu halın dinc etirazçılara qarşı yol verilən növbəti qanunsuzluq olduğu bildirilib.
Divanda Türkiyənin Manisa vilayətinin Soma şəhərindəki kömür mədənlərində baş verən faciə ilə bağlı partiyanın Türkiyə xalqına verdiyi başsağlığı xatırladılıb, ağır faciənin nətiçəsində ortaya çıxan problemlərin tezliklə həll olunmasının vacibliyi qeyd olunub.
Yığıncaqda Ukraynadakı hökumət qüvvələrinin Ukraynanın ərazi bütövlüyünün müdafiə istiqamətindəki səyləri təqdir olunub. 25 may 2014-cü il tarixdə Ukraynada keçiriləcək Prezident seçkilərinin xalq iradəsinin gerçəkləşdirilməsi və dövlət strukturlarının formalaşdırılması baxımından həlledici əhəmiyyət daşıdığı nəzərə çatdırılıb.
Divanda Müsavat Partiyasının növbəti qurultayının keçirilməsi ilə bağlı 11 fevral 2014-cü il tarixində Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı məktuba 15 mayda verilən cavab məktubu müzakirə edilib, qərar qəbul etmək üçün Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantı günü müəyyənləşdirilib.
28 May – İstiqlal Günü münasibəti ilə Novxanı qəsəbəsindəki M.Ə.Rəsulzadənin abidəsi qarşısında bayram tədbirinin saat 11:00-da başlanacağı razılaşdırılıb.
Sonda cari məsələlərə baxılıb.
Son xəbərlər
Son Xəbərlər