“Qafqazinfo”ya daxil olan məlumata görə, yığıncaqda M.Ə.Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar Müsavat Partiyasının keçirdiyi tədbirlər barədə məlumat verilib. Müsavatçı Gənclər Təşkilatının, Müsavat Qadınlar Birliyinin bu yöndə təşkil etdikləri tədbirlər, eyni zamanda partiyanın qərargahında yanvarın 30-da və 31-də keçirilən yubiley tədbirləri yüksək qiymətləndirilib. 31 yanvarda hava şəraitinin çətinliyinə baxmayaraq, Novxanıda keçirilmiş mitinqdə müsavatçıların iştirakı fədakarlıq nümunəsi kimi dəyərləndirilib.
Daha sonra partiyanın elan etdiyi “M.Ə.Rəsulzadə ili” çərçivəsində təşkil olunacaq bəzi tədbirlər barədə qərar qəbul olunub. Bu tədbirlər çərçivəsində Novruz bayramı ərəfəsində M.Ə.Rəsulzadəyə həsr edilmiş şahmat turnirinin, 28 May Respublika günü ərəfəsində isə bu mövzuda əsərlər müsabiqəsinin yekunlaşdırılması, sentyabr ayında isə konfransın keçirilməsi nəzərdə tutulub. Həmçinin M.Ə.Rəsulzadənin yubileyinin keçirilməsi ilə bağlı hakimiyyətin sərəncam verməsinə baxmayaraq, bu sərəncamın icrasına soyuq yanaşılması hakimiyyətin qeyri-səmimiliyi kimi dəyərləndirilib. Müsavat Partiyasının tədbir keçirmək üçün müraciət etdiyi Filarmoniya, Opera və Balet Teatrının və R.Behbudov adına Mahnı Teatrının zallarının deyil, Əmircan qəsəbəsində müvafiq şəraiti olmayan zal üçün icazə verməsi, bir çox yerlərdə, o cümlədən Zaqatalada və Gəncə şəhərində anım mitinqlərinin qarşısının polis zorakılığı ilə alınması bunun daha bir sübutu kimi göstərilib.
Eyni zamanda bir sıra yubiley tədbirləri, o cümlədən Bakıda İstiqlal Muzeyində M.Ə.Rəsulzadəyə həsr olunmuş sərgi, Salyanda yerli ictimai-siyasi qüvvələrin təşkil etdiyi tədbir, Azərbaycan diaspor təşkilatlarının Avropa (Stokholm) və Rusiyada (Moskva) keçirdiyi tədbrilər təqdir edilib.
İctimai-siyasi məsələlər bölümündə son zamanlar Ermənistan-Azərbaycan təmas xəttində baş verən hadisələr müzakirə olunub. Atəşkəsin pozulması nəticəsində ordudakı tələfat və dinc əhalinin təhlükəsizliyi baxımından doğan narahatlıq ifadə edilib. Bir daha hakimiyyətə Qarabağ problemi ətrafında imitasion siyasətə son qoyaraq, problemin həll olunması istiqamətində real addımların atılmasının vacibliyi xatırladılıb. Həmçinin beynəlxalq aləmdən də işğalçı və işğala məruz qalan tərəflərə bərabər yanaşma siyasətinə son qoyaraq, problemin həllində obyektiv iştirak etmək tələb olunub.
Son xəbərlər
Son Xəbərlər