Müsavatın divanı toplandı

musavatin-divani-toplandi
Oxunma sayı: 736


“Qafqazinfo” xəbər verir ki, yığıncaqda Müsavat Xətai rayon təşkilatının növbəti konfransının keçirildiyi, konfransda rayon təşkilatı sədrinin, sərbəst Şura üzvlərinin və NTK-sının seçildiyi haqqında məlumat verilib.

Toplantıda Müsavat Partiyası və MGT gənclərinin Rusiyanın hərbi birləşmələrinin Ukraynanın Krım bölgəsinə yeridilməsinə etiraz olaraq Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında piket keçirmələri təqdir edilib və piket iştirakçılarına təşəkkür elan edilib.

Divan Müsavat Partiyası başqanının müavinləri Arif Hacılı və Gülağa Aslanlının Ukrayna xalqına və Krım tatarlarına dəstək olaraq Krım Muxtar Respublikasına planlaşdırılan səfərlərinin Rusiya xüsusi xidmət orqanları tərəfindən qarşısının kobudcasına alınmasını pisləyib, insanların sərbəst hərəkət etmə hüququnun pozulmasının beynəlxalq normalara zidd olduğunu qeyd edib.

Müsavat Partiyası başqanının müavni Tofiq Yaqublunun, REAL hərəkatının rəhbəri İlqar Məmmədovun və İsmayıllı hadisələrinə görə həbs olunmuş İsmayıllı sakinlərinin Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesinin son mərhələsində də Azərbaycan məhkəmələrinin hökmlərinin siyasi sifarişlə verildiyi təsdiqlənib. Belə ki, heç bir sübuta əsaslanmayan məhkəmə Tofiq Yaqubluya 5 il, İlqar Məmmədova 7 il, təqsirləndirilən Ismayıllı sakinlərindən bir qisminə 4 ildən 8 ilədək həbs cəzası kəsib, bir qisminə isə şərti cəza verib.

Yığıncaqda Müsavat Partiyası başqanınını müşaviri Yadigar Sadıqlı barəsində Şirvan Apellyasiya məhkəməsinin çıxardığı qərarın Lənkəran rayon məhkəməsi tərəfindən yerinə yetirilməməsi hakimiyyət tərəfindən Yadigar Sadıqlıya qarşı qanunsuzluqların davam etməsi kimi qiymətləndirilib.

Divan Müsavat Partiyası rəhbərliyi tərəfindən yayılan bəyanatda cəbhəçi gənclərin həbsinin və AXCP qərargahının partladılmasını bəhanə edərək partiyanın məcburi şəkildə qərargahdan çıxarılmasının qeyri-qanuni addım olduğunu bildirməsi təqdir edib.

Divanda “Qanun” nəşriyyatına olan təzyiqlərin yoverilməzliyi və bu qanunsuz halların aradan qaldırılması zərurəti qeyd edilib.

Milli Məclisdə hökumətin verdiyi hesabatın ölkədəki real vəziyyətdən uzaq olması qeyd edilib, müzakirələrin formal xarakter daşıdığı, problemlər haqda danışmağa cəhd edən deputatlara qarşı təzyiq göstərilməsi diqqətə çatdırılıb və ölkə əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində köklü qərarların qəbul edilməsi, ciddi islahatların həyata keçirilməsi tələb olunub.

Müsavat Partiyası Ukraynada baş verən hadisələrlə əlaqədar bundan əvvəl verdiyi bəyanatlara əsaslanaraq, Rusiyanın hərbi birləşmələrinin birbaşa müdaxiləsi və təzyiqi altında, beynəlxalq birliyin rəylərini nəzərə almadan Krım Muxtar Respublikasında Ukrayna Konstitusiyasına, BMT, ATƏT və digər beynəlxalq təşkilatların normativlərinə zidd olaraq keçirilən referendumun hüquqi qüvvəsi olmadığını və bu nəticələri tanımadığını bəyan edir, beynəlxalq birlikdən BMT-ni quran dövlətlərdən biri olan, özünün ərazi bütövlüyünə Budapeşt müqaviləsini imzalamaqla təminat almaqla nüvə silahından imtina edən Ukraynanı Rusiyanın hərbi müdaxiləsindən qorumaq və onun ərazi bütövlüyünün toxunulmazlığını təmin etmək üçün daha prinsipial tədbirlər görməyə dəvət edir.

Müsavat Partiyası Azərbaycan hakimiyyətindən strateji müttəfiqimiz və GUAM üzvü olan Ukrayna dövlətinin ərazi bütövlüyünün qorunması istiqamətində ardıcıl və prinsipial mövqe nümayiş etdirməsini tələb edib.

Sonda cari məsələlərə baxılıb.