“Qafqazinfo” xəbər verir ki, yığıncaqda “Siyasi məhbuslara azadlıq!” tələbi ilə təşkil olunacaq mitinqlə bağlı siyasi və ictimai təşkilatlarla aparılan müzakirələr və onların davam etdirilməsi barəsində məlumat verilib. Partiyanın Yasamal rayon təşkilatında keçirilən ümumi yığıncaq və yığıncaqda təşkilata yeni sədr və digər seçkili orqanlara keçirilən seçkilərin Nizamnaməyə uyğun olduğu diqqətə çatdırılıb. Partiyanın Siyəzən rayon təşkilatının Şura iclasında təşkilat sədrinin səlahiyyətlərinin onun xahişi ilə xəstəliyi nəzərə alınaraq, müvəqqəti olaraq digər Şura üzvünə verilməsi haqqında məlumat verilib.
“N!DA” Vətəndaş Hərəkatı üzvlərinin 17 gündür aclıq aksiyasını davam etdirdiyini nəzərə alan Divan partiyanın başqanı İsa Qəmbərin bu gənclərə aclığı dayandırmaq haqqında etdiyi müraciəti təqdir edib. Mayın 6-da “N!DA”çıların məhkəməsində hökmün elan ediləcəyinin, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun apellyasiya şikayətinə Şəki şəhər Apellyasiya məhkəməsində, başqan müşaviri Yadigar Sadıqovun apellyasiya şikayətinə Şirvan şəhər Apellyasiya məhkəməsində may ayının 20-də keçiriləcəyi qeyd olunub və bu məhkəmələrin diqqətdə saxlanılmasının vacibliyi bildirilib.
Yığıncaqda R.Mirqədirovun həbsi ilə başlanan Leyla Yunus və digər QHT rəhbərlərinin uydurma ittihamlarla dindirilməyə cəlb edilməsi və bu zaman həyata keçirilən qanunsuz hərəkətlərin siyasi partiyalara, azad mətbuata və QHT-lərə hakimiyyət tərəfindən total xarakterli hücumlar olduğu bildirilib və qətiyyətlə pislənilib. Hakimiyyətdən davam edən istintaqın şəffaf və ədalətli aparılması, istintaq zamanı qanunların aliliyinin qorunması və vətəndaş cəmiyyətinin üzvlərinə qarşı təzyiqlərə son qoyulması tələb edilib.
Divan Ukrayna hakimiyyətinin ölkənin şərq ərazilərində qanuni hakimiyyətin bərpası və ərazi bütövlüyünün qorunması istiqamətində apardıqları mübarizəni dəstəkləyib, Rusiyanın bu proseslərə silahlı müdaxiləsinə son qoyulmasını, münaqişənin tezliklə beynəlxalq normalara uyğun olaraq həllinə çıxaracağına inamını ifadə edib, beynəlxalq təşkilatlardan Ukrayna xalqının haqq işinə ardıcıl dəstək verməsinin vacib olduğunu bəyan edib.
Rus qoşunlarının Azərbaycana dəvət edilməsi barəsində bəzi şəxslərin səsləndirdikləri fikirlərin Azərbaycan xalqının və dövlətinin mənafeyinə zidd olduğu diqqətə çatdırılaraq, bu cür müraciətlərə son qoyulması tələb edilib.
Sonda cari məsələlərə baxılıb.
Son xəbərlər
Son Xəbərlər