Müsavatın divanında nələr müzakirə olundu?

musavatin-divaninda-neler-muzakire-olundu
Oxunma sayı: 794



“Qafqazinfo” xəbər verir ki, yığıncaqda Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar olaraq Müsavat Gənclər Təşkilatının hazırladığı tədbirin yüksək səviyyədə keçirildiyi qeyd edilib. M.Ə.Rəsulzadənin Novxanı qəsəbəsindəki abidəsinin ziyarət edilməsi 31 yanvar 2014-cü il saat 1100-a təyin edilib və yubiley tədbirlərinin ilboyu davam edəcəyi bildirilib.

Divan 20 Yanvar hadisələri ilə əlaqədar olaraq Müsavat Patiyasının Şəhidlər Xiyabanını ziyarəti zamanı şəhidlərin xatirəsinə hazırlanan əklilin Xiyabana buraxılmamasını hakimiyyətin şəhidlərin ruhuna hörmətsizliyi kimi qiymətləndirib.

Yığıncaqda İsmayıllı hadisələri ilə bağlı Şəki şəhərində keçirilən məhkəmədən qayıdarkən Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun ailə üzvlərinin, dostu Çingiz Əlinin, vəkil Xaliq Bağırovun avtomobil qəzasına uğraması təəssüflə qeyd olunub. Hadisə haqqında partiya rəhbərliyinə məlumat daxil olan andan partiya strukturlarının aktiv fəaliyyətə keçməsi nəticəsində hadisə zamanı xəsarət alanlara bütün istiqamətlərdə yardım göstərilməsi təşkil olunub. Divan bu qəzaya görə mənəvi məsuliyyətin günahsız olaraq həbsdə saxlanılan Tofiq Yaqublu və digər siyasi məhbusların ailə üzvlərini, vəkillərini və dostlarını çətin hava şəraitində Şəki şəhərində keçirilən sifarişli məhkəmələrdə iştiraka məcbur edən hakimiyyətə aid olduğunu bəyan edir.

Divanda 2 il bundan əvvəl qətlə yetirilmiş yazıçı Rafiq Tağının ölümü ilə bağlı istintaq işinin absurd bir məntiqlə (“cinayət törədən şəxsin müəyyən olunmamasına görə”) bağlanılmasına etiraz edilib. Günahkarların tapılması və layiqli cəza verilməsi hakimiyyətdən tələb olunub.

Divan Ukraynada hakimiyyət qüvvələri tərəfindən əhaliyə qarşı silah işlədilməsini pisləyib, bütün məsələlərin danışıqlar yolu ilə həll olunmasının vacibliyini qeyd edib və beynəlxalq aləmi bu məsələnin həllində Ukrayna xalqına dəstək olmağa çağırıb.

Yığıncaqda Müsavat Partiyası demokratik ictimaiyyətə müraciət edərək saysız-hesabsız siyasi məhbusların olduğu, xalqa qarşı repressiyalarının artdığı, hakimiyyətin rüşvət və korrupsiya faktlarının kütləvi şəkildə ifşa olunduğu, qiymətlərin artırılması yolu ilə xalqı çörəklə imtahana çəkməsi şəraitində müxalifət daxilində əsassız ittihamlara son qoyulması və bütün qüvvələrin rejimə qarşı mübarizəyə yönəldilməsi zərurətini bir daha bəyan edib.

Sonda cari məsələlərə baxılıb.