“Müsavat”ın sədr müavini Ukraynada döyüş təcrübəsini bölüşür - Fotolar

musavatin-sedr-muavini-ukraynada-doyus-tecrubesini-bolusur
Oxunma sayı: 4007

İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş Müsavat partiyasının sədr müavini Fərəc Kərimli Ukraynada Krım tatarlarının döyüş hazırlığına yardım edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kərimli öz feysbuk səhifəsində yazıb. Qeyd edib ki, artıq bir aydan çoxdur ki, Azərbaycandan kənardadır: “Ukraynadan dostların dəvəti ilə həm vəziyyətlə yerində tanış olmaq, həm Müsavat Partiyası adından, Azərbaycanda Ukraynaya dəstək verən hər kəsin dəstəyini ifadə etmək, həm də təcrübə mübadiləsi üçün Ukraynaya gəldim.

Döyüşlərə qatılmasam da, Ukrayna Silahlı Qüvvələrinin tərkibində olan, qardaş Krım tatarlarının yaratdığı Numan Çelebicihan adına Milli Qvardiyaya döyüş hazırlığında əlimdən gəldiyi qədər yardımçı oldum. Bundan sonra da Ukraynanın, qardaş Krım tatarların hər zaman yanında olacağıq”.

O əlavə edib ki, bu günlərdə Krım tatarlarının hüquqları uğrunda mübarizə apardığı üçün uzun illər Sovet hakimiyyəti dövründə həbslər və sürgün həyatı yaşamış, Ukrayna Ali Radasının deputatı Mustafa Cəmilovla görüşüb.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsində iştirakına görə Fərəc Kərimli “Vətən uğrunda” medalı ilə təltif olunub.