Müsəlmanın xristian kilsəsindəki duası...

muselmanin-xristian-kilsesindeki-duasi
Oxunma sayı: 5182

İlk xarici səfərim olduğu üçün Tbilisiyə gedəndə özümə təzə ayaqqabılar almışdım. Elə ilk səfərin verdiyi məlumatsızlıqdan olmalı idi ki, özümlə köhnələrimi də götürməmişdim. Və beləcə babamın həmişə dediyi “ağılsız başın cəzasını ayaqlar çəkir” cümləsini işlədərkən nə demək istədiyini indi anlamış oldum.

Təyyarə Şota Rustaveli adına aeroporta yaxınlaşanda əlimdə yazarın “Pələng dərisi geymiş pəhləvan” əsəri var idi. Əlfəcini səhifənin arasına qoyub, pəncərədən Tbilisiyə göz gəzdirdim. İşıqları xoşuma gəlmişdi deyəsən.

Gecə saatlarında eniş etdiyim üçün şəhəri gəzmək sabaha qalar deyə fikirləşirdim ki, taksi ilə qalacağım yerə gedəndə gördüm ki, Tbilisi gecə də yatmır.

Heç kimə sirr deyil ki, qədimilik və müasirliyin bir-biri ilə ahəngdə olduğu şəhər bu günlərdə oyanışdadır.

Hələ keçən il ölkənin hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi parlamentdə iki oxunuşda qəbul edilmişdi. Üçüncü oxunuş öncəsi etirazların növbəti günlərindən biri yaşanırdı. Bir yandan da yağış elə yağırdı ki, lap o kinoda deyilən kimi “Tut ucundan, göyə çıx”.

Maşını parlament binasının qabağında saxlatdırıb düşəndə ilk eşitdiyim söz “Sakartvelo” oldu.

Bilmirdim bu nə deməkdir. Amma bu səs qabaq bir idisə, birdən eləbil yüzlərlə adam eyni ifadəni təkrarlamağa başladı. Bu şüarla yağışda yallı gedirdilər. Baş açmırdım ki, bu bir etirazdır ya əyləncə? Mənə sonra məlum oldu ki, buranın yerli əhalisi öz ölkələrini belə adlandırır.

Diqqətimi çəkən başqa bir məqam isə, parlament binasının yerləşdiyi küçələrin adları oldu. Yəni, 8 əsr əvvəl yaşayıb yaradan ədib Rustavelinin adına olan küçə ilə, “Azadlıq Meydanı”nın kəsişdiyi yer. Belə başa düşdüm ki, gürcülər yenilik və köhnəliyə etiraz səslərini eşitdirmək üçün parlament binasını seçiblər.

Tbilisidə ilk səhər belə açıldı…

Şəhərdə hamı sözün əsl mənasında öz kefində idi. Elə bil dünən gecədən səhər saatlarına qədər yağışın altında şüar oxuyanlar onlar deyildi. Ağlımı qaşıyan suallarla gəlib çıxdım Kür çayının üzərinə sərilən o məşhur Sülh körpüsünə.

Tbilisiyə biraz da sülh tərəfdən baxmaq gözəl idi. Axı bu şəhərdə çox yaxşı dostlarım var... Onlarla birlikdə həmin küçələri axsaya-axsaya da olsa gəzmək xoş idi. Məni yorulan görən kimi həmişə yeni bir təkliflə gəlirdilər. Budəfəki isə “Gürcüstanın anası”nı görmək üçün kanata minmək fikri idi.

Açığı mən mənzərələrə yuxarıdan aşağıya baxmağı çox da sevmirəm. Həm də uzaqdan zəif görən gözlərimlə kölgə kimi gördüyüm o heykəli yaxından da görmək istəyirdim.

Bildiyimə görə, abidə gürcü milli xarakterinin simvoludur: bir əlində qonaqlar üçün şərab şüşəsi, digər əlində isə düşmənlər üçün qılınc tutur.

20 metr hündürlüyündəki alüminiumdan hazırlanmış gürcü milli geyimindəki qadın heykəlinin müəllifi Elquca Amaşukeli bu heykələ görə Şota Rustaveli adına Dövlət Mükafatına layiq görülüb. O, heykəli sonralar “Kartlinin anası” da adlandırıb.

Ümumiyyətlə, şəhəri gəzdikcə gördüyüm çoxsaylı qadın heykəlləri ölkədə qadınlara yüksək rəğbət və hörmətin olduğuna dair təəssüratlar oyatmışdı.

Cəmi 5 gün qalmağıma baxmayaraq, bu günlərdə bir çox hadisələr oldu. Hələ qədəmimi şəhərə təzə basanda məni qarşılayan yağış kirimək bilmirdi. Pasxanın çıxmasını gürcülərdən çox mən gözləyirdim. Pasxa demişkən, mən orada olanda xristianlar ənənəvi bayramlarını da qeyd elədilər. Mən də şəhərin ən böyük kilsəsi olan “Sameba”ya yollandım.

Bircə dua edən bu balaca uşağın simasındakı ifadəni unuda bilmirəm. Əlindəki şamı elə möhkəm sıxmışdı ki…

Dilimiz, dinimiz bir olmasa da, bütün duaların ünvanı eynidir axı. Onun üzündəki bu məsum ifadə dualarına tərcümə olmuşdu sanki. Onun dualarını anlayırdım və azyaşlıya qoşularaq eyni istəklə Tanrıya üz tutduq. Bir müsəlmanın xristian kilsəsindəki duası belə idi: Qoy həmişə dünyada, Cənubi Qafqazda sülh olsun! 

Gürcülər Pasxanın səhəri günü həyatdan köçən yaxınlarının məzarına gedib, onları yad edirlər. Orada olduğumu bilən iş yoldaşlarımdan biri Xronikal Tarixi Abidələrə getməyi tövsiyə etdiyi üçün, növbəti gün həmin əraziyə getməyi qərara aldıq. Şəhərin mərkəzindən bir qədər aralıda olan abidə gürcülərin ümumi məzarlıqları ilə yanaşı idi. Oraya gedib çatmaq üçün saatlarla tıxacda qaldıqdan sonra hövsələsizlik edib həmin dağa piyada qalxdıq. 

Amma hədəfə çatanda artıq yolun nə qədər çətin və dözülməz olduğunu unutmuşdum. 30 metr hündürlüyündə tunc sütünların üzərində yonulan bu abidədə gürcü bədii ədəbiyyatından səhnələr əks olunmuşdu. 

Beş günlük səfərdə “beş günlük dünya”nı gördüm. Geri dönəndə təyyarədə ən çox bu barədə düşünmüşəm. Yeniliklər maraq çəkir, amma adam evindən, öyrəşdiyi mühitdən kənarlaşanda onların dəyərini daha yaxşı anlamış olur. Bakı aeroportunun çıxış qapısında “şəhərə taksi” ifadəsini eşitdim. Gürcü çaxırı qədər ləzzət elədi...

Telli Minbir