Azərbaycan Dövlət Musiqili Teatrında böyük dramaturq, xalq yazıçısı, dövlət mükafatı laureatı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında tamaşa hazırlanır.
"Qafqazinfo"nun məlumatına görə, layihənin ideya müəllifi və rəhbəri Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, rejissor Əliqismət Lalayevdir.
“Böyük, unudulmaz sənətkarımız İlyas Əfəndiyevin həmişə diqqətimdə olan möhtəşəm lirik-psixoloji dramı, dünyaca məşhur bəstəkar Qara Qarayevin ölməz, bənzərsiz balet musiqisi əsasında hazırlanan bu tamaşa bir çox sürprizlərlə zəngindir. İnanıram ki, janrına görə sevgi haqqında pritça kimi dəyərləndirdiyimiz “Mənim günahım” hamı tərəfindən bəyəniləcək.
Tamaşanın quruluşçu-rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə xanım Gözəlovadır. İradə xanım buna qədər də bizim teatrla əməkdaşlıq edib. Onun hazırladığı Ə. Haqverdiyevin “Kimdir müqəssir?” əsəri böyük marağa səbəb olub. Hazırda premyerasına hazırlaşdığımız “999-cu gecə” tamaşasının rejissoru da İradə xanımdı. “Mənim günahım” onun Musiqili Teatrda 3-cü işi olacaq.
Qeyd edək ki, tamaşanın quruluşçu-drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-baletmeysteri Leyla Ağayeva, drijoru Fəxrəddin Atayev, konsertmeysteri Fidan Babayeva, rejissor-assistenti Saray Kərimlidir.
Son xəbərlər
Son Xəbərlər