Müstəntiq adı ilə camaatı soydu

mustentiq-adi-ile-camaati-soydu
Oxunma sayı: 643

“Qafqazinfo”ya verilən məlumata görə, Orxan Axundovun qanunsuz hərəkətləri barədə idarəyə daxil olmuş müraciət üzrə aparılan araşdırmalarla müəyyən edilib ki, özünü Bakı şəhər prokurorluğunun müstəntiqi kimi təqdim edən O.Axundov etibardan sui-istifadə etmə yolu ilə 2011-ci ilin payız aylarında sürücülük vəsiqəsi düzəldəcəyi adı ilə Bakı şəhər sakinləri Lalə Məmmədovanın 400, Mehriban Ağayevanın isə 300 manat pulunu ələ keçirib.

Bundan başqa O.Axundov Rəşad Cabbarlını Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə qəbul etdirəcəyi adı ilə onun atası Əli Cabbarovdan əvvəlcədən razılaşdıqları 25.000 manat pulun qabaqcadan 6.000 manatını sonuncunun etibarını qazanmaq məqsədilə öz təşəbbüsü ilə notariat qaydasında borc müqaviləsi kimi rəsmiləşdirməklə alıb.

Daha sonra eyni məqsədlə 300 manat pulunu da alaraq, cəmi 6.300 manat məbləğində özgənin xeyli miqdarda əmlakını təkrarən ələ keçirməklə dələduzluq edib.

Fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanmış, istintaq aparılır.