Müştəri pulu ödəmədi, şirkət rəhbəri onu məhkəməyə verdi

musteri-pulu-odemedi-sirket-rehberi-onu-mehkemeye-verdi
Oxunma sayı: 1244

Qida və qeyri-qida məhsullarının hazırlanması üçün xammalların satışı ilə məşğul olan “SPULT” MMC şirkətinin rəhbəri Azad Əliyev Bakı Apelyasiya Məhkəməsindən şikayətçidir.

“Qafqazinfo”ya müraciət edən şirkət rəhbəri bildirib ki, müştərisi olduğu Samir Məmmədov onlara olan borcunu ödəməkdən boyun qaçırır:

“Müştərimizə borcunu ödəmək üçün kifayət qədər müddət versək də, ödənişlərdən yayınıb. Bu səbəbdən 2018-ci ilin yay aylarında Samir Məmmədova qarşı Bakı şəhər Nəsimi rayon Məhkəməsində iddia qaldırmışıq. Məhkəmə iddiamızı əsaslı hesab edərək təmin etsə də, qarşı tərəf apelyasiya şikayəti verib. 

Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vahid Sadıqov isə məhkəmə prosesini bir iclasa, araşdırmadan, hətta bizim nümayəndənin apelyasiya şikayətinə münasibətini dinləmədən, tələblərimizi rədd edərək əleyhimizə qərar verib. Bakı Apelyasiya Məhkəməsinin Qətnaməsindən Ali Məhkəməyə Kassasiya şikayəti verdik. Ali məhkəmənin qanuni və əsaslı qərar qəbul edəcəyinə ümid edirik”.

MMC rəhbəri əlavə edib ki, o ölkədə qanunların aliliyinə inanır və bu iş barəsində də ədalətli qərar çıxarılacağını gözləyir. 

***

Şikayətdə adı hallanan Samir Məmmədov “Qafqazinfo” ilə əlaqə saxlayaraq, ona qarşı səsləndirilən borc ittihamının həqiqətəuyğun olmadığını bildirib:

“Onun haqqımda iddia etdiyi borclar cəfəngiyatdır. Birinci məhkəmə prosesində xəbərim olmadığı üçün iştirak etməmişəm, hakim əleyhimə qərar qəbul edib. Daha sonra qərarla bağlı Apelyasiya Məhkəməsinə şikayət etdim və heç bir sübut olmadığından hakim iddiamı təmin etdi, məhkəməni qazandım. Mənim bu insana heç bir borcum yoxdur. Sabah Ali Məhkəmədə işimizə baxılacaq, çox güman ki, bu səbəbdən belə yalan informasiya yaymağa cəhd edir”.