Müşviqabadda hesabat yığıncağı keçirilib - Foto

musviqabadda-hesabat-yigincagi-kecirilib
Oxunma sayı: 939

Yanvarın 17-də Müşviqabad qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayon İcra hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər. 

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Müşviqabad qəsəbəsi üzrə nümayəndəsi Coşqun Bayramov hesabat verərək qeyd edib ki, 2019-cu il Müşviqabad qəsəbəsi üçün olduqca uğurlu bir il olub: 

“Ölkə başçısının rəhbərliyi ilə hazırlanmış müvafiq Dövlət Proqramlarının uğurlu icrası və rayon İcra hakimiyyətinin daxili imkanları hesabına da qəsəbədə xeyli işlər görülüb. Təbii ki, görülmüş işlər göz qabağındadır və bütün bunlar qəsəbə sakinlərini ürəkdən sevindirir. Ötən il ərzində qəsəbə ərazisində əhalinin elektrik, su və qaz təchizatında heç bir problem olmayıb. Qəsəbə sakinlərini narahat edən problemlər də Müşviqabad qəsəbə nümayəndəliyində araşdırılıb, məsələnin həlli üçün lazımi tədbirlər görülüb”.

Süleyman Mikayılov qəsəbə sakinlərindən 6 nəfəri fərdi qaydada dinləyib. Sakinləri narahat edən problemlər dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Hesabat yığıncağında qəsəbə sakinləri nümayəndəliyin 2019-cu ildə gördüyü işlərə qənaətbəxş qiyməti veriblər.