Yanvarın 26-da “radikal” müxalifət düşərgəsinə məxsus 50-60 nəfərə yaxın şəxs küçə yürüşü keçirməyə cəhd edib.Yasamal rayonu, Mirəli Seyidov küçəsinə təyin edilən aksiya “Sərbəst toplaşmaq azadlığı haqqında” AR Qanununun tələblərini pozmaqla, hüquqi prosedurları gözləməd keçirilib. Təbii ki, aksiyanın qarşısı hüquq mühafizə orqanları tərəfindən alınıb.
Bu, bəlli düşərgənin son bir həftə ərzində realaşdırdığı sayca üçüncü aksiyadır. Bir həftə öncə, yanvarın 19-da “birgə aksiya” keçirmişdilər. Dərhal da 26 yanvar tarixinə yeni aksiya təyin etmişdilər. Amma 26 yanvarı gözləməyə də səbrləri çatmadı: 20 Yanvar mərasimində də insident törətdilər; “20 Yanvar Şəhidlərini” ziyarət etmək adıyla gəldilər, qarışıqlıq saldılar, brifinqlər keçirməklə özlərini göstərmək istədilər.
Bir həftə ərzində 3 dəfə aksiya keçirmək cəhdi “radikal” düşərgədə gözlənilməz aktivlik, tələskənlik olduğunu göstərir. Səbəb isə aydın deyil. Özlərinin təqdim etdikləri səbəblər qondarmadır. İlk aksiyanı “Mehman Hüseynova azadlıq” şüarı ilə keçirmişdilər, o məsələ də həllini tapıb. Amma sakitləşmirlər, aşkar büruzə verirlər ki, məqsədləri nə Mehman Hüseynov, nə də şüarlarında əks edilən başqa mövzular deyil.
“Radikal” düşərgənin 25 illik “müxalifətçilik təcrübəsi” göstərib ki, boşuna ayaqlanmazlar: ya ölkədə təbii, prosedura uyğun siyasi aktivlik olmalı, seçki, referendum və sair keçirilməlidir, ya da xaricdəki himayədarlarından xüsusi sifariş gəlməlidir ki, bunlar aktivləşsinlər, küçələrə çıxıb “mən də varam” şousu göstərsinlər. İndiki aktivlikləri də “nəyinsə simptomudur” təəssüratını yaradır. Amma nəyin? Ölkədə sabitlikdir, seçki, diqqət çəkən siyasi proses, əhalini əndişələndirəcək hadisə yoxdur. Beləcə, istər-istəməz maraq güclənir: nə baş verir ki, “radikal” düşərgə aktivləşir?
Daxili faktor
Təhlillərə əsaslansaq, “radikal” düşərgəni zaman-zaman aktivləşdirən ənənəvi səbəblər zahirən görünməsələr də, onları qınından çıxmağa məcbur edən məqamlar var. “Radikal” düşərgənin son “aktivliyinin” səbəblərindən biri kimi ölkədə başladılan struktur və kadr islahatları görünür. Prezident İlham Əliyev sistem xarakterli islahatlarının miqyasını genişləndirdikcə, Azərbaycan idarəetmə fəlsəfəsini dəyişdikcə özlərini ona opponent hesab edənlər daha da aqressivləşir və mütəşəkkil şəkildə müqavimət göstərməyə çalışırlar. Çünki, hakimiyyət idarəçiliyində, kadr təyinatında, ümumiyyətlə, cəmiyyətin bütün sferalarında yeni, son nəsil texnologiyaların tətbiqinin başlanılması “ənənəvi müxalifətin” ömrünü heç bir inzibati təsir olmadan, təkamül yolu ilə bitirmiş olur. Müşahidələr göstərir ki, “radikallar” nəinki yeni nəsil texnologiyalarla, idarəçiliklə, kadrlarla daha da möhkəmlənəcək hakimiyyətə qarşı adekvat gücdə deyillər, hətta mövcud durumdan da 2 addım geridədirlər. Dünya dəyişir, dəyərlər dəyişir, texnologiya və sistem dəyişir, bunlar isə olduqları yerdədirlər-1992-1993-cü il səviyyəsində. O düşüncə ilə davranışın sonu isə, mütləq məğlubiyyətdir.
Ehtimal etmək olar ki, mövcud islahatlar dalğasında “radikalları” aktivləşməyə sövq edən başqa səbəb də var. Onlar struktur və kadr islahatları nəticəsində çoxsaylı “işsizlər ordusu”nun yaranacağını düşünüb, bu təbəqəni özlərinin potensil sosial bazaları kimi görür, fürsətdən faydalanıb həmən şəxsləri öz tərəflərinə çəkmək istəyirlər. Düzdür, Birinci vitse- prezident Mehriban Əliyevanın “islahatlar insanları işsiz qoymamalıdır” tapşırığı “radikalların” bu ümidlərini qırmış olur, amma kökləndikləri ovqatdan ayrılmaları bir qədər zaman alacaq.
Xarici faktor
Təcrübə göstərir ki, “radikal” düşərgə üçün ölkədaxili amillər, adətən, önəmsiz olub; aktivlik daxildən deyil, xaricdən gələn impulsla yaradılıb. İndiki durumda bu simptom özünü daha qabarıq göstərir. “Radikalların” son davranışları Avropa Parlamentində keçirilən qərəzli müzakirələr, “Vaşinqton post”un onlara dəstəyi ilə sinxron baş verir. Nəticə çıxır ki, düşərgənin aktivləşməsi, xarici havadarlarına dəm tutması üçün sifariş gəlib. Ənənə var axı: illərdir bu düşərgə xarici anti-Azərbaycan mərkəzlər üçün “dayandoldurum” tüfəng rolunu oynayıb. Azərbaycan milli maraqlara uyğun regional və qlobal layihələrə imza atanda, “beynəlxalq güclərin” cavabından asılı olmayaraq bu layihələrin icrasında prinsipiallıq göstərəndə, ölkəmizə xoş imic gətirəcək hər hansı bir proqramlar gerçəkləşdirəndə, dərhal bütöv bir mexanizm işə düşür, qazanılacaq nailiyyətləri heçə endirmək üçün kampaniyalar başladılır. Bu, ehtimal deyil: Avroviziya mahnı müsabiqəsi, 1-ci Bakı Avropa Oyunları, İslam Həmrəylyi Oyunları, Bakı-Tbilisi –Qars dəmiryolu layihəsi, TAP-TANAP layihələrinin müzairəsi, 2016-cı ilin aprel döyüşləri və sair zamanlarda çox aşkar şəkildə təsdiqini tapmış reallıqlardır. Proseslər Qərbdən, Şimaldan, okeanın o tayından başladılır, notarius missiyalı bir-iki “beynəlxalq insan hüquq müdafiəsi təşkilatı” bəyanat yayır, ölkə içindəki “radikal” düşərgə tərəfindən sinxron reaksiya alır, beləiklə, qlobal kampaniya yaradılır. Kampaniya üçün səbəb tapmaq, yaxud, qondarma bir səbəbi uydurmaq önəmli deyiul. Səbəb “Bakı küçələrində tapılmış ölü it cəmdəyi” də ola bilər, Mühman Hüseynovun “aclıq aksiyası” da.
İndi hiss olunur ki, rəsmi Bakı yenə də “böyüklərdən” kiminsə quyruğunu tapdalayıb. Yoxsa, hansı qüvvə “Washington Post”, Avropa Parlamenti və ölkə içindəki “radikalar” arasında sinxron hərəkət yarada bilər? Ehtimallar iki mühüm məqam üzərində cəmləşir.
Erməni lobbisi
Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqlar yeni müstəviyə daxil olur. Paşinyanın qısa müddət ərzində Azərbaycan Prezidenti ilə 3 intensiv görüş keçirməsi, son olaraq Davos formu çərçivəsində 22 yanvarda saat yarım çəkən görüş, bundan bir həftə öncə Parisdə Azərbaycan-Ermənistan XİN rəhbərlərinin 4 saatlıq görüşü və görüşün yekununda “xalqları sülhə hazırlamağın zəruriliyi” barədə verilən açıqlamalar münaqişənin tənzimlənməsi üzrə xüsusi aktivlik olduğunu göstərir. Bu arada Rusiya və ABŞ siyasətçilərindən bir-birini tamamlayan açıqlamalar gəlir. Rusiyalı politoloq Stanislav Tarasovun, Kremlə yaxınlığı ilə seçilən Modest Kolerovun “Ermənistanın iyunda bir neçə rayonu Azərbaycana qaytaracağı” barədə açıqlama verməsi, yaxud, “mart ayında Azərbaycanla-Ermənistan arasında razılaşma imzalana bilər” kimi ismarıclar verməsi də ortada ciddi durumun olduğundan xəbər verir. Tramp administrasiyasının təmsilçiləri də bir az fərqli formada, iki ölkə arasında “anlaşma imzalanacağına” eyham vurublar.
Əsas olan budur ki, Paşinyanın romantik eyforiyası keçdikcə, Ermənistanın iqtisadi –siyasi fəlakət həddinə çatmasının real səbəbləri barədə təsəvvürləri durulduqca, durum dəyişir. Təcavüzkar ölkə təmsilçiləri anlayırlar ki, Dağlıq Qarabağ problemi özünün ədalətli həllini tapmayınca, Azərbaycanla münasibətlər normallaşdırılmayınca, nəticədə blokada vəziyyətindən çıxmayınca, iqtisadi fəlakətləri davam edəcək. Ənənəvi siyasətləri dəyişməlidir, bunu anlayırlar. Amma zəruri olan danışıqları özləri üçün əlverişli müstəvidə aparmaq istəyirlər. Qarabağ danışıqlarının intensiv mərhələyə daxil olduğu ərəfədə güclü mövqedən çıxış edən Azərbaycanın mövqelərini zəiflətmək, ölkə daxilində qarşıdurma yaratmaq üçün erməni lobbisi səfərbər olunub. Onların öz məqsədlərini reallaşdırmaları üçün əllərində ənənəvi üsullar var. Erməni lobbisinin kritik məqamlarda “beynəlxalq donor institutları” adı altında Azərbaycan “müxalifətinin radikal qanadına” maliyyə yardımı göndərməsi barədə fikirlər yeni deyil. Bunlar artıq fikir, ehtimal da deyillər, marşrutu aşkarlanmış, dəqiqləşdirilmiş xətdirlər. Onlar “xarici donor institutları” adı altında erməni lobbisindən maliyyə alırlar və əlbəttə ki, maliyyəyə uyğun olaraq ölkədə qarışıqlıq yaratmaq tapşırıqları da alırlar, onu canla-başla icra da edirlər.
“Böyük güclər”
Amma siyasətçilər iddia edirlər ki, “ölkə içi və ölkə dışı qüvvələrin” sinxron aktivləşməsinin kökündə daha böyük, qlobal hadisələr dayanır. Onlar bu hadisələri ABŞ-Çin, Rusiya, Türkiyə və İran qarşıdurması fonunda şərh edirlər. ABŞ-ın Böyük Orta Şərq layihəsinin tamamlanması üçün Qafqaza, xüsusi olaraq Azərbaycana ehtiyacı yaranıb. Azərbaycan Şimal-Cənub, Şərq-Qərb layihələrinin kəsişdiyi ölkədir və ABŞ-ın bölgədəki planlarının tamamlanması üçün ciddi rol ala bilər. Azərbaycandan istənilən rol ifasının təqribi çərçivəsi də cızılmaqdadır: ölkə ərazisindən Rusiya və İrana qarşı
plastarm kimi istifadə edilməsinə icazə vermək, Azərbaycanın qoşulduğu meqalayihələrdə, xüsusən bir ucu Çinə bağlanan layihələri ABŞ-la razılaşdırmaq və sair. Hətta ortada Türkiyənin maraqlarına toxuna biləcək məqamlar da var.
Amma Azərbaycanın transmilli nəqliyyat marşrutlarını, digər meqalayihələri ABŞ-ın və ya başqa bir ölkənin planları çərçivəsində deyil, milli maraqlar kontekstində qurmağa çalışması ölkəmizi hədəfə gətirir. Azərbaycanı qarışdırmaq, bununla hazırkı hakimiyyətə təzyiq göstərmək və müəyyən güzəştlər qoparmaq istəyirlər. Bu məqsədlə müxtəlif variantlardan, o cümlədən, ölkəiçi “radikal müxalifət” qanadından, ekstremist-dini qruplardan və sair istifadə olunur. İndiki durumda “Washington Post”, Avropa Parlamenti və ölkə içindəki “radikal müxalifət” arasında qondarma səbəblərə əsaslanan sinxron hərəkət yaranması belə xarici faktorlarla əlaqələndirilir. Məsələ o ki, Cənubi Qafqaz və xüsusən Azərbaycan üzərində marağı toqquşan “güc mərkəzi” təkcə ABŞ deyil…
Müşfiq Ələsgərli