"Qafqazinfo" Musavat.com-a istinadən xəbər verir ki, müxalifət liderləri KXCP-nin qərargahında toplantı keçirirlər.
Tədbirdə KXCP sədri Mirahmud Mirəlioğlu, Müsavat başqanı İsa Qəmbər, “Ümid” sədri İqbal Ağazadə, ADP sədri Sərdar Cəlaloğlu, AXP sədri Pənah Hüseyn, ALP sədri Əvəz Temirxan və başqaları qatılıb.
Liderlər son günlər hüquq müdafiəçilərinin ard-arda həbs edilməsini müzakirə edirlər. Hüquq müdafiəçilərinin müdafiəsinin müxalifət tərəfindən öz üzərinə götürülməsi planlaşdırılır.
Toplantıda KXCP sədri Mirmahmud Mirəlioğlu çıxış edərək bildirib ki, ölkədə baş verən son həbslər barədə ciddi şəkildə düşünmək lazımdır. O, müxalifətin bu həbslər barədə müzakirə aparıb, vəziyyəti dəyərləndirməyini təklif edib.
***
AXP sədri Pənah Hüseyn isə bildirib ki, ölkə vətəndaşları və siyasi müxalifət 20 ildir faktiki olaraq repressiya şəraitində yaşayırlar: “Bizi əzən siyasi maşındır. Son həbslər isə ölkədə keyfiyyətcə yeni bir situasiyadır. Bir qayda olaraq siyasi məhbuslar meydana gəlir, siyahı artır. Hazırda həmin siyahıları yazanların özləri də həbsdədir”. Vəkil İntiqam Əliyevin həbsindən danışan P.Hüseyn onun ofisində axtarış aparılmasının və sənədlərin, kompyuterlərin götürülməsinin də narahatedici məqam olduğunu vurğulayıb: “Ofisdən Avropa Məhkəməsi üçün hazırlanan sənədlər, dosyelər götürülüb. Təhlükə var ki, bir çox məhkəmə işləri tamamlanmaya, baxılmaya bilər”. O, həbslərin davam edəcəyini istisna etməyib: Xeyli həbslər var və davamı da gözlənilir. Bunu istisna etmirəm. Həbs olunanların hüquqlarını müdafiə komitəsi yaradılmalıdır”.
***
ADP sədri Sərdar Cəlaloğlu isə qeyd edib ki, son həbslər ölkədə uzun illər baş verən proseslərin davamıdır və ayrı-ayrı mərhələləridir: “Yeni bir şey deyil. Uzun illər siyasi partiyalara təzyiqlər oldu, liderlərə təzyiqlər oldu, müxalifətin namizədləri parlamentə buraxılmadı, partiya təmsilçiləri sıralarından uzaqlaşdırıldı və sair. İndi baş verən repressiya isə hökumətlə əməkdaşlıq etməyən təşkilatların sıradan çıxarılmasına hesablanıb. Bu da vətəndaş cəmiyyəti institutunu siyasi nəzarətə almaqdan ibarətdir. Məqsəd odur ki. İqtisadi rıçaqlarla vətəndaş cəmiyyəti nəzarətə alınsın. Bu proses bütünlüklə demokratiyanın sıradan çıxarılmasına yönəlib. Demokratiyanın boğulmasından söhbət gedir. Biz bunu bilməliyik. Xaricilər, beynəlxalq aləm Azərbaycanda demokratiyaya dəstək vermir. Xalq elə bilir ki, bu dəstək var və müxalifət o dəstəkdən istifadə edə bilmir”. Bununla belə, o, bildirib ki, müdafiə komitəsinin yaradılmasının effekti olmayacaq və başqa effektiv vasitələr fikirləşmək lazımdır.
***
Müsavat başqanı İsa Qəmbər də son həbs olunan hüquq müdafiəçilərindən, onların ölkənin demokratikləşməsi yolunda atdıqları addımlardan danışıb. O, İntiqam Əliyevin onun vəkili olmasını da xatırladıb və bildirib ki, əksəriyyət onu Azərbaycanda ləyaqət, şərəf, vicdan simvolu hesab edir: “Və bu, belədir. İntiqam müəllimin həbsindən sonra siyasi qüvvələrin bir araya gəlməsinin məntiqi var. Hakimiyyət hər birimizi həbs edə bilər, ancaq hamımızı həbs edə bilməz. Buna nail ola bilməyəcəklər”. Müsavat başqanı qeyd edib ki, ölkə müxalifəti atacağı addımları dəqiqləşdirməlidir: “Edəcəklərimiz, konkret işlər görülməlidir. Partiyaları əsasən fəallaşdırmaq cəhdi göstəririk. Düşünürəm ki, kütləvi tədbirlərə hazırlıq dövrü başlanmalıdır”.
Son xəbərlər
Son Xəbərlər