Müxalifət liderləri Leyla Yunusun həbsindən yazdı

muxalifet-liderleri-leyla-yunusun-hebsinden-yazdi-
Oxunma sayı: 1569


"Qafqazinfo" xəbər verir ki, İsa Qəmbər öz "Facebook" səhifəsində Leyla Yunusla olan "selfie"sini paylaşaraq belə yazıb: "Martin Nimöllerdən fərqli olaraq, biz bütün günahsız insanları-bütün siyasi məhbusları müdafiə etmişik, edirik, edəcəyik: Sağçıları və solçuları, inançlıları və ateistləri, türkləri və başqa millətlərdən olan vətəndaşlarımızı, müsavatçıları və cəbhəçiləri, nidaçıları və realçıları, jurnalistləri və hüquq müdafiəçilərini, gəncləri və veteranları, və ilk növbədə xanımları! Leyla Yunusa azadlıq!".

Əli Kərimli isə Leyla Yunusun həbsini belə şərh edib: "Leyla Yunusu da həbs etdilər. Leyla xanımı aylarla “ermənilərə işləyir” ittihamı ilə mənəvi terrora məruz qoydular. Sonda isə ona saxta sənəd hazırlamaq, vergidən yayınma kimi maddələrlə də ittiham elan olundu. Əlbəttə, “erməni işi” kimi, bu yeni ittihamlar da quramadır, Leyla xanımı tutmaq üçün sadəcə, bəhanədir. Əsas odur ki, rejim onu həbs etmək istəyirdi. Hansı ittihamların irəli sürülməsi isə texniki məsələdir və həbsin siyasi sifariş olmasını pərdələmək iqtidarında deyil. Hökumət nümayiş etdirir ki, həqiqəti deyən, siyasi məhbusları müdafiə edən insanları susdurmaq naminə istənilən qeyri-populyar addımı atmağa hazırdır. Hətta belə addımlar onu xalqından və dünya birliyindən daha da qoparsa da.

Leyla xanımın səhhətində də ciddi problemlər var. Onu bu gün hüquq mühafizə orqanı əməkdaşları məhkəməyə qollarında qaldırıblar".