Müxalifət məhkəmədə “Azadlıq” şüarı səsləndirdi

Müxalifət məhkəmədə “Azadlıq” şüarı səsləndirdi
Oxunma sayı: 278

Onların vəkilləri artıq çıxışlarını bitiriblər. Bir qədər əvvəl müttəhimlər son söz deməyə başlayıblar.

Ötən həftə dövlət ittihamçısı müxalifətçilərə iş istəmişdi. O, Sahib Kərimov və Arif Alışlının 4 il 6 ay, Zülfüqar Eyvazlı və Elnur İsrəfilovun 4 il, Elşən Həsənov və Babək Həsənovun isə 3 il azadlıqdan məhrum edilməsini tələb etmişdi.

Bu altı nəfər Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə təqsirləndirilirlər.

Hakim Elnur Həsənov zalı tərk edib. Buna səbəb zalın müttəhimlərin və onların vəkillərinin çıxışlarını alqışlaması olub. Hakim bir neçə dəfə xəbərdarlıq etsə də, məhbusların yaxınları buna önəm verməyiblər.

AXCP sədrinin müavini Sahib Kərimovun çıxışından sonra zalda olanlar emosiyalarını saxlaya bilməyib, onu alqışlamaqla yanaşı, «Azadlıq!» şüarları səsləndirməyə başlayıblar.

Hakim bundan sonra zalı boşaltmaq göstərişi verib. Amma heç kim yerindən tərpənmədiyindən Elnur Həsənov özü məhkəmə zalından çıxmalı olub.

Bir neçə dəqiqədən sonra mühafizəçilər arxa sırada oturanları zaldan çıxarıblar. Hakim yalnız bundan sonra qayıdıb və hazırda məhkəmə davam edir. Sahib Kərimov isə çıxışında deyib ki, bu məhkəmə tragikomediyadır: «Onun tragik qəhrəmanları bizik, komik qəhrəmanları isə dövlət ittihamçısı. Biz cinayət etməmişik. Üç ay yarım istintaq aparılması da bizə işgəncə idi».

Vəkillər müdafiə etdikləri şəxslərə qarşı ittihamların sübut olunmadığını deyiblər, onlara bəraət verilməsini istəyiblər.

Hakim Elnur Həsənov məhkəmənin müşavirəyə getdiyini deyib. Hökm bir neçə gündən sonra elan olunacaq.

Azadlıq Radiosu


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi