Bəs, görəsən, necə olur ki, milyonlarla manat vəsait hesabına uzun müddətdən bəri tikilən villalardan rayon icra hakimiyyətinin xəbəri yoxdur? Bu villaların kimlərin adına sənədləşdirildiyi necə gizlədilir?
“Qafqazinfo” xəbər verir ki, musavat.com bu suallara Azərbaycan müxalifət liderlərinin də fikrini öyrənib. Bu villalar arasında müxalifət liderlərinə məxsus evlər varmı?
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, müxalifətin nəinki villası, heç nəfəs almağa yeri yoxdur: “Bunlar Bakı Şəhər İcra Hakimiyyətinin, onların yaxın adamlarının, yüksək vəzifəli şəxslərin villalarıdır. Necə ola bilər ki, milyonlarla vəsait qoyulub, aylarla, illərlə orada tikinti gedib, ancaq Bakı Şəhər İcra Hakimiyyətinin məlumatı olmayıb ki, bu tikintini kim aparır? Sadəcə olaraq, prezidentin qarşısında özlərinə bəraət qazandırmaq üçün deyirlər ki, bizim xəbərimiz yoxdur. Prezidentin də dediyi kimi, bu tikililər üçün milyonlarla manat pul tələb olunur, bunu sadə müxalifətçi yox, Azərbaycanın hər mənəm-mənəm deyən iş adamları da tikdirə bilməz. Bu villalar ancaq hakimiyyətin yuxarı pillələrində təmsil olunan, qeyri-qanuni yollara külli miqdarda gəlirlər əldə edən şəxslərin villalarıdır. O villaların sökülməsi heç onların vecinə də deyil. Çünki onlarla başqa ərazidə o cür qeyri-qanuni villaları var”.
KXCP sədri Mirmahmud Mirəlioğlu isə qeyd etdi ki, harada neçə tikili olduğunu, neçə metr boş ərazi olduğunu bütün icra başçıları əzbərdən bilirlər və onların bundan xəbərsiz olması mümkün deyil: “Bu hakimiyyətdə, bu vəziyyətdə, kimlərsə istədiyini edir, sonra isə məlum olur ki, heç kimin, heç nədən xəbəri yoxdur. Bakı ərazisində hər kvadratsantimetrdə nə var, nə yox, Hacıbala Abutalıbov və digər icra başçıları hamısını əzbərdən bilirlər. İcra başçıları dəyişəndə də, onlara məlumat verirlər ki, hansı məhəllədə, hansı küçədə, neçə kvadratmetr boş sahə var. Ola bilər ki, ölkə başçısının bundan məlumatı yoxdur, ona məlumat verməmələri də pis haldır. Ancaq gərək bu məsələdə məsuliyyət daşıyanlar və məlumat verməyənlər cəzalandırılsın. İstənilən halda müxalifət liderlərinin də villası ola bilər, burada qəbahətli heç nə yoxdur. Ancaq sırf bu ərazidə qanunsuz tikilən villalardan birinin müxalifət liderinə məxsus olmasını mümkünsüz sayıram”.
Müsavat başqanı Arif Hacılı musavat.com-a açıqlamasında qeyd edib ki, əgər müxalifət liderinin o ərazidə villası olsa idi, bu, həmin an mətbuata çıxarılardı: “Mənə elə gəlir ki, ən kiçik tikilinin belə, kimə məxsus olduğunu Azərbaycan hakimiyyəti bilir və bu ərazidə hakimiyyətdəki şəxslərdən kənar kiminsə villası olsa idi, bu haqda çoxdan açıqlama verərdilər”.
A.Hacılının sözlərinə görə, ölkədə korrupsiya problemini ayrı-ayrı villaları sökməklə həll etmək mümkün deyil: “Korrupsiya problemini həll etmək üçün əvvəla qanunun aliliyi prinsipinə əməl etmək və vəzifəsində asılı olmayaraq, qanun qarşısında hər kəsin bərabər məsuliyyət daşımasını təmin etmək lazımdır. Eyni zamanda uzun müddət bundan əvvəl əmlak deklorasiyası haqqında qanun qəbul olunsa da, bu günə kimi əmlak deklorasiyaları tələb olunmur. Bunun nəticəsində dövlət məmurlarının, yüksək vəzifəli şəxslərin əldə etdikləri qeyri-qanuni sərvətə nəzarət etmək mümkün deyil. Ölkədə dəyəri milyon manatdan artıq olan on minlərlə villalar var. Amma Azərbaycanda rəsmi olaraq milyonçu olan bir neçə nəfər var. Ancaq reallıqda milyonçuların sayı həddindən artıq çoxdur. Bu vəziyyət nəinki sosial ədalət prinsipini pozur, cəmiyyətdə böyük təbəqələşmə yaradır, eyni zamanda bu vəsaitlərə görə dövlətə vergi ödənmir. Ona görə də bu məsələlərə kompleks yanaşmaq və qanunları tətbiq etmək yolu ilə mövcud sistemin mahiyyətini dəyişdirmək lazımdır. Problemi yalnız bu yolla həll etmək olar”.
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa isə bildirdi ki, bu gün səslərini çıxartmayan villa sahibləri sabah da narazılıq etməməlidirlər: “Əgər bu villalar müxalifət liderlərinin olsaydı, onlar çıxıb deyərdilər ki, bu ev mənimdir. Mənim orada evim olsaydı, mən məmnuniyyətlə deyərdim ki, biri mənimdir. İnsanlar niyə evini gizlətməlidir. Əgər bu gün səslərini çıxartmırlarsa, sonradan da narazılıq etməməlidirlər”.
F.Mustafanın sözlərinə görə, qanunvericilik elə şəkildə qurulmalıdır ki, heç kim əmlakını gizlətmək məcburiyyətində qalmasın: “Təbii ki, sahibsiz villanın olması mümkün deyil. Amma cəmiyyətdə maliyyə amnistiyasına ehtiyac var. İnsanlar maliyyə imkanlarını gizlətməməlidirlər. Mən təklif etmişdim ki, məmurlara da bizneslə məşğul olmaq hüququ verilsin. Çünki, faktiki olaraq hamısı bizneslə məşğuldurlar. Düzdür, villaların sökülməsi də problemdir. Ancaq qanunsuz tikililərin qarşısını almaq üçün bu cür sərt addımlara da ehtiyac var. Bütövlükdə isə qanunvericiliyi bu duruma uyğunlaşdırmağa ehtiyac var ki, insanlara bizneslə məşğul olmaq üçün sərbəstlik yaradılsın və hər kəs də hər şeyi öz adına sənədləşdirsin. Bununla da kimin hansı fəaliyyətlə məşğul olduğu cəmiyyətə daha aşkar şəkildə bəlli olar. Çox təəssüf ki, bizdə bu istiqamətdə belə bir gizlilik, qapalılıq var. Bu da cəmiyyəti narahat edən durumlardan biridir. Hər halda “Dostluq” parkındakı villalar sadə adamların deyil, daha yüksək səviyyəli məmurların olduğuna görə heç kim adının hallanmasını istəmir. Pul çox olanda insanlar evinə də sahib çıxmır, fikirləşir ki, bir ev getsin, ancaq adım hallanmasın”.