Myanmada etiraz aksiyalarında öldürülənlərin sayı yenə artdı

myanmada-etiraz-aksiyalarinda-oldurulenlerin-sayi-yene-artdi
Oxunma sayı: 930

Myanmada hərbi xunta və legitim hökumət üzvlərinin həbsinə qarşı etiraz aksiyalarına təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində həlak olanların sayı 706-ya çatıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Myanmada Siyasi Məhbuslara Yardım Assosiasiyasının hazırladığı məruzədə deyilir.

Son sutka ərzində etiraz aksiyalarının dağıdılması zamanı 5 nəfər öldürülüb.

Bununla yanaşı, aksiyaların 3 059 etirazçı hələ də həbsdədir, 657 nəfərin isə barəsində həbs orderi çıxarılıb.

“Fitch” beynəlxalq reytinq agentliyi Myanma iqtisadiyyatının cari ildə 20 faiz azalacağını proqnozlaşdırır.

“Fitch”in hazırladığı hesabatda deyilir ki, Myanmanın təhlükəsizlik qüvvələrinin mülki əhaliyə qarşı zorakı hərəkətləri və etnik silahlı qrupların orduya qarşı mübarizəsi böyük sosial qeyri-sabitliyə səbəb olacaq ki, bu da ağır iqtisadi nəticələrə gətirib çıxaracaq.

Öz növbəsində, Dünya Bankı 26 mart tarixli hesabatında Myanma iqtisadiyyatının bu il 10 faiz azala biləcəyini bəyan edib.